MDB ölkələri rabitə şəbəkələrində dələduzluğa qarşı vahid mexanizm hazırlayacaq

2026/06/1780689241.jpg
Oxunub: 198     23:51     05 İyun 2026    
MDB ölkələri regionun rabitə şəbəkələrində dələduzluq hallarına qarşı mübarizə məqsədilə vahid hüquqi və texniki mexanizmin yaradılmasını nəzərdən keçirirlər.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” MDB ölkələrinin Rabitə Sahəsində Regional Birliyi (RSRB) tərəfindən hazırlanmış sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, RSRB-nin Elektrik Rabitəsi və Kommunikasiya Operatorları Şurası ilə Telekommunikasiyaların Tənzimlənməsi Komissiyası birgə iclas keçirib.

“Komissiya və şura rabitə şəbəkələrində dələduzluğa qarşı vahid hüquqi və texniki mexanizmin yaradılmasını məqsədəuyğun hesab edib. Bu mexanizmin dövlətlərarası saziş formatında, memorandum əsasında hazırlanması, rabitə operatorlarının və son istifadəçilərin maraqları nəzərə alınmaqla həyata keçirilməsi təklif olunub. Bununla əlaqədar rouminq məsələləri üzrə işçi qrupuna müvafiq saziş layihəsinin hazırlanması tapşırılıb”, - deyə iclas üçün hazırlanmış sənəddə bildirilib.

Qeyd olunub ki, saziş layihəsinin hazırlanması məqsədilə RSRB strukturları MDB ölkələrinin rabitə şəbəkələrində dələduzluqla bağlı mövcud vəziyyəti təhlil edəcəklər.

“Bu çərçivədə baş vermiş insidentlərin statistikası, onların aradan qaldırılması üçün görülən tədbirlər və həmin tədbirlərin effektivliyi araşdırılacaq”, - deyə sənəddə vurğulanıb.

Toplanmış bütün məlumatların iyulun 20-dək Rabitə Sahəsində Regional Birliyin İcraiyyə Komitəsinə təqdim olunacağı bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Rabitə-şəbəkələri  


Bizi "telegram"da izləyin