Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.
CNN-in məlumatına görə, təşkilat hələ mart ayında Yaxın Şərqdə davam edən münaqişə və bunun nəticəsində neft qiymətlərinin artmasının 45 milyon insan üçün kəskin ərzaq çatışmazlığına səbəb ola biləcəyini proqnozlaşdırmışdı. WFP bildirir ki, həmin ssenari artıq reallaşmağa başlayıb.
Təşkilatın dərc etdiyi son hesabatda qeyd olunur ki, böhranın təsirləri artıq ən həssas ölkələrdə hiss edilir. Qiymət artımı və iqtisadi çətinliklər nəticəsində Somalidə əlavə 2,5 milyon, Şri-Lankada 1,3 milyon, Əfqanıstanda isə 2,3 milyon nəfər əsas ərzaq ehtiyaclarını qarşılamaqda ciddi problemlərlə üzləşib. Bəzi hallarda artıq kəskin aclıqdan söhbət gedir.
WFP-nin Ərzaq Təhlükəsizliyi və Qidalanma Təhlili Xidmətinin direktoru Jan-Marten Bauer bildirib ki, erkən xəbərdarlıqlar yalnız beynəlxalq ictimaiyyət vaxtında reaksiya verdiyi halda nəticə verir.
Onun sözlərinə görə, təşkilat milyonlarla insanın aclıq təhlükəsi ilə üzləşəcəyi barədə xəbərdarlıq etmişdi və hazırda bunun real nəticələri müşahidə olunur. Bauer qeyd edib ki, ən çox zərər çəkənlər münaqişə zonasından uzaqda yaşayan yoxsul ailələrdir.
WFP vurğulayıb ki, Yaxın Şərqdə gərginlik azalsa belə, müharibənin qlobal ərzaq təhlükəsizliyinə mənfi təsirləri yaxın aylarda da davam edəcək. Enerji daşıyıcılarının qiymətlərinin artması, nəqliyyat xərcləri və iqtisadi qeyri-sabitlik xarici ərzaq tədarükündən asılı ölkələrə əlavə təzyiq göstərir.
Sevinc Əliyeva
Ordu.az