Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, İranın ali lideri ayətullah Seyid Müctəba Xameneyi ölkənin müxtəlif məhkəmələri tərəfindən məhkum olunmuş 2 min məhkumun əfv edilməsi barədə qərarı təsdiqləyib.
Qərar şiələr üçün ən mühüm günlərdən biri hesab olunan Qədir-Xum bayramı münasibətilə qəbul edilib. Əfv İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni Ejeinin təqdimatı əsasında həyata keçirilib. O, bayram ərəfəsində bununla bağlı müraciət edib.
Qədir-Xum bayramında şiələr Həzrət Məhəmməd peyğəmbərin imam Əli ibn Əbu Talibi öz varisi elan etdiyi hadisəni qeyd edirlər. Bu gün şiə islamında xüsusi dini əhəmiyyət daşıyır və ənənəvi olaraq müxtəlif dövlət və ictimai tədbirlərlə müşayiət olunur.
İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, ölkənin ali lideri məhkəmə hakimiyyətinin rəhbərinin təqdimatı ilə məhkumları əfv etmək və ya onların cəzalarını yüngülləşdirmək səlahiyyətinə malikdir. Məhz bu müddəaya əsasən 2 min məhkumun əfv olunması barədə qərar qəbul edilib.
Sevinc Əliyeva
Ordu.az