Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında 1996-cı ildə imzalanmış ikitərəfli saziş bu gün də qüvvədə qalır.
“Lakin dünya siyasi, iqtisadi və geosiyasi baxımdan dəyişdiyi üçün tərəflər münasibətlərin yeni mərhələyə keçirilməsi istiqamətində çalışırlar. Buna görə də mövcud əməkdaşlıq çərçivəsi yenilənir və müasir çağırışlara uyğunlaşdırılır”, – deyə o bildirib.
V.Bojkov qeyd edib ki, “30 illik tərəfdaşlıq” ifadəsi yalnız keçmişi deyil, gələcək əməkdaşlığın davamlılığını da ifadə edir.
“Bu, sadəcə tamamlanmış 30 il deyil, davam edən tərəfdaşlıqdır”, – deyə o vurğulayıb.
Aİ rəsmisi xatırladıb ki, iyunun 2-3-də Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında intensiv danışıqlar aparılıb.
Görüşlərdə Aİ-ni Xarici Fəaliyyət Xidmətinin direktor müavini, Azərbaycanı isə xarici işlər nazirinin müavini təmsil edib. Danışıqlarda əsas məqsəd tərəfdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması və yeni ikitərəfli sazişin hazırlanması olub.
V.Bojkov bildirib ki, yeni saziş üzrə danışıqlar davam edir və sənədin imzalanması üçün hələ vaxt tələb olunur.
Bununla yanaşı, əməkdaşlığın prioritet istiqamətləri artıq müəyyənləşdirilib. Bu sahələrə ətraf mühit, əlaqələndirmə və bağlantı layihələri, səhiyyə, akademik tədqiqatlar, insanlararası münasibətlər və “yaşıl şəhərlər” təşəbbüsləri daxildir.
O qeyd edib ki, Gəncədə həyata keçirilən layihələr də məhz bu əməkdaşlıq çərçivəsinin tərkib hissəsidir.
“Avropa İttifaqı ilə Azərbaycanın birlikdə müəyyən etdiyi məqsəd və ambisiyalar Gəncədə də öz əksini tapır. Şəhərdə həyata keçirilən layihələr bu tərəfdaşlığın praktik nəticələridir”, – deyə o əlavə edib.
V.Bojkovun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi iki əsas istiqamət üzrə həyata keçirilir.
Birinci istiqamət Avropa İttifaqının beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana ayırdığı qrant layihələridir.
İkinci istiqamət isə investisiya layihələridir. Bu layihələr çərçivəsində maliyyə vəsaiti kredit formasında hökumət qurumlarına və ya konkret olaraq Gəncə Şəhər İcra Hakimiyyəti və bələdiyyə strukturlarına təqdim olunur.
Onun sözlərinə görə, investisiya layihələri daha irihəcmli maliyyə paketlərini əhatə edir.
Qeyd edək ki, Avropa İttifaqının flaqman tədbiri olan “Avropa Şəhərciyi-2026” iyunun 6-da Gəncə şəhərində keçiriləcək.
“Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusuna həsr olunan tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Gəncə Şəhər İcra Hakimiyyəti-nin dəstəyi ilə təşkil olunur.
Tədbirin rəsmi açılışı iyunun 6-da Aİ və üzv dövlətlərin Azərbaycandakı səfirlərinin iştirakı ilə baş tutacaq. Açılışdan əvvəl isə Heydər Əliyev parkında ağacəkmə aksiyası keçiriləcək.
Proqram çərçivəsində uşaqlar üçün üz boyama, kukla tamaşaları, stolüstü oyunlar, eləcə də viktorinalar, mini yarışmalar və musiqi-rəqs proqramları təşkil ediləcək.
Tədbirdə Aİ Nümayəndəliyi ilə yanaşı, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç də təmsil olunacaq.
Ordu.az