Köçəryan: “Müharibəyə və dəhşətli itkilərə səbəb olan şəxsin “sülh” sözünü işlətməyə belə haqqı yoxdur”

2026/06/1780511428.jpg
Oxunub: 266     17:23     05 İyun 2026    
“Ermənistan tarixində bu seçkilər ən çirkli, ən biabırçı seçkilərdir və bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan “Hayastan” blokunun seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə yekun görüşü zamanı bildirib.

“Onlar seçki kampaniyasını zəhərli və çirkli ritorika ilə doldurublar. Biz bununla razı deyilik. Ermənistanı belə çirkinlikdən təmiz saxlamağa çalışmalıyıq. Heç bir seçki bu qədər təzyiq və zorakılıqla müşayiət olunmayıb”, - deyə o bildirib.

Köçəryan xatırladıb ki, hakim komanda vaxtilə demokratiya şüarı ilə hakimiyyətə gəlsə də, sonradan avtoritar idarəçiliyə çevrilib və bu da seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır.

Erməni siyasətçi qeyd edib ki, hər seçki həm hesabat, həm də yeni proqramların təqdimatı deməkdir, lakin hakimiyyət bütün vədlərini yerinə yetirə bilmədiyi üçün deyəcək sözü yoxdur və nəticədə ölkəni böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu mərkəzə çevirib.

“Hakim qüvvə proqramından danışmır, çünki bu halda təhrik etdiyi müharibə, 5 min ölmüş şəxs, 12 min yaralı, itirilmiş ərazilər, Qarabağ və erməni xalqına vurulmuş ən azı 80 milyard dollar zərər haqqında danışmalı olacaq. Hakimiyyət demokratiya vəd edib, amma avtoritar sistem yaradıb, korrupsiyaya qarşı mübarizə vəd edib, amma sonradan həmin korrupsiyanın başında özü dayanıb.

Hökumət odla oynayanda yanan xalq olur. Bu, sadə həqiqətdir”, - deyə Köçəryan vurğulayıb.

O qeyd edib ki, seçkiqabağı kampaniyadan əvvəl ölkə rəhbərliyi Brüsselə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenskini İrəvana dəvət edib, daha sonra isə Moskvanın reaksiyasından sonra yaranmış qarışıqlıq şəraitində şantaj və təzyiq yolu ilə səs toplamağa çalışıb.

Köçəryan vurğulayıb ki, xarici siyasət böyük dövlətlərin maraqları üzərində oyun qurulmasını istisna etməlidir.

“Sadə “həm-həm” modelinə əməl etmək lazımdır, “ya-ya” modelinə yox. Uğurun açarı budur. Mən bunu edə bilərəm və etmişəm də. Bizim hakimiyyətimiz dövründə insanlar Avrasiya İqtisadi Birliyinin nəhəng bazarında qazanc əldə edə və istədikləri yerdə xərcləyə biləcəklər, hərçənd bunun Ermənistanın özündə olması daha yaxşıdır. Nikolun yaratdığı problemi bir gün ərzində həll edə bilərəm. Avropa İttifaqı ilə vizasız rejimi də indiki hakimiyyətdən daha tez əldə edəcəyik.

Müharibəyə və dəhşətli itkilərə səbəb olan şəxsin “sülh” sözünü işlətməyə belə haqqı yoxdur. Hətta göyərçin də onun əlindən uçmadı, çünki Nikol Paşinyanın saxta sülh gətirdiyini anladı. Biz sülhə can atırıq və buna, sabit və ləyaqətli sülhə nail olacağıq. Mənim prezidentliyim dövründə bu mümkün olmuşdu, yenidən də mümkün olacaq”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin