Rusiyalı ekspert: “Ərdoğanın Paşinyana dəstəyi Ankara tərəfindən Ermənistan hakimiyyətinə verilən siyasi mesajdır”

2026/06/1780642381.jpg
Oxunub: 276     16:29     05 İyun 2026    
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nikol Paşinyanı şəxsən təbrik etməsi təkcə diplomatik etiket deyil, həm də Ermənistan hakimiyyətinə siyasi dəstəyin göstəricisidir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı türkşünas Viktor Nadein-Rayevski deyib.

Rusiyalı ekspert bildirib ki, Ərdoğanın Paşinyana dəstəyi Ankara tərəfindən Ermənistan hakimiyyətinə verilən siyasi mesajdır.

“Ankaranın bu mövqeyi regionda formalaşmış ümumi geosiyasi baxışdan irəli gəlir. Türkiyə tərəfinin yanaşması hazırda regionda mövcud olan ümumi proseslərlə bağlıdır. Təbii ki, Ermənistanda bu baxışı bölüşənlərin sayı çox deyil. Buna görə də Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, həm bu kurs, həm də mövcud xarici siyasət dəyişə bilər.

Hazırkı mərhələdə isə Türkiyə və Azərbaycan Ermənistanla münasibətlərdə ciddi səy göstərmədən bir sıra istiqamətlərdə irəliləyiş əldə ediblər. Bununla yanaşı, onlar Ermənistanla münasibətlərdə ön şərtlər siyasətini də qoruyub saxlayırlar”, - deyə Viktor Nadein-Rayevski bildirib.

Onun sözlərinə görə, mövcud hakimiyyətin davamlılığı Ankara üçün Ermənistan-Türkiyə münasibətlərindəki hazırkı normallaşma prosesinin və proqnozlaşdırıla bilən mühitin qorunması deməkdir.

“Bu həm də onunla bağlıdır ki, artıq qlobal xarakter daşıyan müəyyən razılaşmalar əldə olunub. Onlar geosiyasi əhəmiyyətə malikdir. Bunlardan biri Azərbaycanı Ermənistan ərazisindən keçməklə Azərbaycan və daha sonra Türkiyə ilə birləşdirəcək nəqliyyat marşrutudur”, - deyə ekspert qeyd edib.

Rusiyalı ekspert Türkiyə ilə birbaşa ticarətin başlanmasına dair açıqlamaların da təsadüfi olmadığını vurğulayıb.

“Rusiyaya ixracla bağlı problemlər fonunda Ermənistan hakimiyyəti göstərməyə çalışır ki, ölkənin alternativləri var və o, həm Türkiyə, həm Azərbaycan, həm də Qərblə yeni razılaşmalar əldə edə bilər. Yəni Ermənistanın iqtisadi və ticarət baxımından yalnız Rusiyadan asılı olmadığı görüntüsü yaradılır. Bunun həm də seçki əhəmiyyəti var. Cəmiyyətə göstərmək istəyirlər ki, Rusiya istiqamətində problemlər yaransa belə, alternativ yollar mövcuddur.

İnsanlar adətən bu alternativlərin həqiqətən mövcud olub-olmadığını dərindən araşdırmırlar. Lakin bu barədə açıqlamalar və müzakirələr belə bir təsəvvür formalaşdırır. Həm bu mövzudakı bəyanatlar, həm də Avropa İttifaqı ilə yeni ticarət razılaşmaları barədə açıqlamalar məhz bu kontekstdə edilir”, - deyə Viktor Nadein-Rayevski bildirib.

Rusiyalı ekspert Axalkalaki-Qars dəmir yolunun istismara verilməsi perspektivinə də toxunub.

“Bu layihə də seçki dövründə mövcud hökumətin xarici siyasət uğuru kimi təqdim olunur. Bununla seçicilərə regional kommunikasiyaların açılması və iqtisadi inkişaf istiqamətində konkret nəticələrin əldə edildiyi göstərilməyə çalışılır.

Bu halda da insanların əksəriyyəti layihənin Ermənistan iqtisadiyyatına necə təsir göstərəcəyini və hansı faydalar verəcəyini araşdırmır. Lakin bu barədə açıqlamaların müəyyən təsir yaratması mümkündür”, - deyə o qeyd edib.

Nadein-Rayevski diqqətə çatdırıb ki, bütün bu bəyanatlara baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də açılmayıb və münasibətlər tam normallaşmayıb.

“Azərbaycan Ermənistanda konstitusiya dəyişikliklərini gözləyir. Bundan sonra sülh sazişinin imzalanması və ardınca Türkiyə tərəfindən müəyyən addımların atılması mümkündür. Yəni hazırkı mərhələdə sərhədlərin açılması və münasibətlərin tam normallaşması barədə danışmaq hələ tezdir”, - deyə ekspert vurğulayıb.

Rusiyalı ekspertin fikrincə, Ərdoğanın Paşinyana verdiyi dəstək Ankara-Moskva rəqabəti prizmasından da qiymətləndirilməlidir.

“Təsadüfi deyil ki, Türkiyə liderinin zəngi Rusiya Prezidenti Vladimir Putinin telefon danışığından sonra baş tutdu. Bu, regionun əsas güc mərkəzləri arasında mövcud olan rəqabətin göstəricisidir. Lakin qeyd etmək lazımdır ki, Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi konkret şəxslərdən asılı deyil. Ankaranın strateji hesablamaları daha dərin geosiyasi reallıqlara və öz maraqlarına əsaslanır. Bu isə o deməkdir ki, Türkiyə müxtəlif ssenarilərə hazırdır və bütün bu siyasətin mərkəzində regionda öz təsir imkanlarını daha da gücləndirmək məqsədi dayanır.

Bununla belə, gələcək proseslərin necə inkişaf edəcəyini müəyyənləşdirəcək əsas amillərdən biri Ermənistanda keçiriləcək seçkilərin nəticələri olacaq. Hazırda həm region ölkələri, həm də beynəlxalq aktorlar məhz bu nəticələri gözləyirlər”, - deyə Viktor Nadein-Rayevski bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rayevski   Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin