Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Vzqlyad” nəşri yazıb.
Nəşrə görə, Ermənistanın müdafiə naziri Suren Papikyan Silahlı Qüvvələrin embleminin dəyişdirildiyini rəsmi şəkildə təsdiqləyib və bununla bağlı videomüraciəti öz “Telegram” kanalında yayımlayıb.
Nəşr vurğulayır ki, qüvvədə olan qanunvericilik belə dəyişikliklərin parlamentin təsdiqi olmadan həyata keçirilməsinə imkan verir, çünki Silahlı Qüvvələrin emblemi dövlət deyil, yalnız idarə xarakterli rəmz hesab olunur.
Papikyan bildirib ki, 2001-ci ildə təsdiq edilmiş əvvəlki emblem bir sıra heraldik, forma və ideoloji çatışmazlıqlara malik idi. “Bu səbəbdən ordunun transformasiyası çərçivəsində emblemin yenilənməsi və düzəldilməsi təşəbbüsü irəli sürüldü”, - deyə müdafiə naziri qeyd edib.
“Yeni emblemdə Ermənistan bayrağı və onun üzərində ölkənin xəritəsi təsvir olunub. Həmin xəritə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının döş nişanında istifadə olunan xəritə ilə eynidir.
Bu xəritə əvvəlki Silahlı Qüvvələr embleminin üzərində ümumiyyətlə yer almırdı. Təsvir sxematik xarakter daşısa da, xəritənin Ermənistan SSR-in dağılma dövründəki sərhədlərinə tam uyğun gəlmədiyi diqqət çəkir”, - deyə müəllif bildirib.
Müəllifin iddiasına görə, bu vəziyyət Ermənistan Silahlı Qüvvələrinin yeni embleminin faktiki olaraq ərazilərin təhvil verilməsini bəyan və təsdiq etməsi kimi qiymətləndirilə bilər.
“Yeni emblemdə qılınc və xaç tutan qartal saxlanılsa da, qalxanın üzərində yerləşən bərabərtərəfli xristian xaçı çıxarılıb. Onun yerinə səkkizguşəli ulduza bənzər yeni işarə yerləşdirilib. Ermənistan Müdafiə Nazirliyi bunun “erməni səkkizguşəli xaç-günəş” simvolu olduğunu bildirir.
Papikyan sosial şəbəkələrdə açıqlama verərək köhnə emblemdəki əsas problemləri izah etməyə çalışıb. Onun sözlərinə görə, köhnə emblemdə qartalın dimdiyi bağlı vəziyyətdə təsvir olunmuşdu. Nazir qeyd edib ki, gerbşünaslıqda bağlı dimdik sakitlik və qeyri-döyüş vəziyyətini ifadə edir və bu, ordunun mahiyyətinə uyğun gəlmir.
Papikyan həmçinin bildirib ki, köhnə qartalın tam bədəni, ayaqları, caynaqları və silahları yox idi. “Bütün bunlar şikəst, köməksiz və həssas bir varlıq təəssüratı yaradırdı ki, bu da ordu simvolu üçün yolverilməzdir”, - deyə o vurğulayıb.
Müdafiə nazirinin sözlərinə görə, əvvəlki emblemdə qılınc qalxanın arxasında yerləşdirilmişdi. Onun fikrincə, gerbşünaslıqda bu, müdafiəyə hazır olmamağı ifadə edir. Papikyan bildirib ki, Ermənistan ordusunun missiyası ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumağa daimi hazır olmaqdır”, - deyə məqalədəq eyd edilib.
Nəşrə görə, nazirlik həmçinin iddia edib ki, köhnə emblemdə dövlət bayrağı kobud şəkildə təhrif olunmuşdu.
“Belə ki, bayraq vahid formada deyil, müxtəlif lent və hissələr şəklində təqdim edilmişdi. Papikyanın təqdimat videosunda qeyd olunur ki, belə təsvir parçalanmış və tam olmayan dövlət təsəvvürü yarada bilər. Ermənistan Müdafiə Nazirliyinin izahına görə, yeni emblemdə qartal tamamilə yenidən işlənib.
İndi o, bütöv bədənə malik canlı varlıq kimi təsvir olunur. Qartalın dimdiyi açıq vəziyyətdədir. Papikyanın sözlərinə görə, gerbşünaslıqda açıq dimdik həyat gücünü, hazırlığı, sayıqlığı, söz və güc hüququnu simvolizə edir.
Onun fikrincə, qartalın dinamik duruşu Ermənistan ordusunun döyüş ruhunu və ayıqlığını əks etdirir. Beləliklə, yeni emblem Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq missiyasını təcəssüm etdirməlidir. Qartalın sinəsində “erməni səkkizguşəli xaç-günəş” ilə bəzədilmiş dairəvi qızılı qalxan yerləşdirilib. Qalxanın mərkəzində isə “toxum” təsvir olunub.
Müdafiə Nazirliyi bildirir ki, bu toxum gələcək əsgərləri simvolizə edir. Onlar müharibə ocağında cücərməli, ağaca və meyvəyə çevrilməli, sonra isə yeni toxum verməlidirlər. Bu isə əbədi davamlılığın rəmzi kimi təqdim olunur.
Həmin “toxum” adi dördbucaqlı fiqur kimi təsvir edilib və orada gələcək əsgərlərin simvolunu görmək üçün kifayət qədər geniş təxəyyül tələb olunur. Qartal caynaqlarında tarixi əhəmiyyətə malik silahlar tutur. Sol caynaqda qızılı qılınc, sağ caynaqda isə Ermənistan ordusunun himayədarı hesab edilən II Aşot Yarkatın Müqəddəs Xaçı yerləşdirilib.
Müdafiə Nazirliyi qılıncın daimi döyüş hazırlığını simvolizə etdiyini bildirir. Yeni emblem ilk dəfə mayın 28-nə həsr olunmuş parad məşqi zamanı nümayiş etdirilib və dərhal Ermənistan cəmiyyətində geniş mübahisələrə səbəb olub”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, narazılığın əsas səbəblərindən biri dəyişikliklərin ictimai müzakirə aparılmadan və ekspertlərin iştirakı olmadan qapalı şəraitdə həyata keçirilməsi olub.
“Vzqlyad” qeyd edir ki, məhz ekspert müzakirələrinin olmaması Papikyanın “qartalın dimdiyi”, “toxum” və “səkkizguşəli xaç-günəş” barədə mülahizələrinin yaranmasına səbəb olub.
Məqalədə “Niyə Ermənistan üçün bu qədər vacib olan simvolun dəyişdirilməsi planları barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılmayıb?” sualı da səsləndirilir. Xüsusi narazılıq doğuran məqam isə yeni xəritədən daha çox köhnə emblemdə mərkəzi yer tutan xristian xaçının çıxarılması olub.
Nəşr qeyd edir ki, II Aşot Yerkatın xaçı tam mənada xristian simvolu deyil, daha çox hərbi xarakter daşıyan rəmz hesab olunur.
“Bu dəyişikliklər Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinin ictimai həyatda rolunu məhdudlaşdırmaq siyasəti ilə əlaqəli ola bilər. Dövlət rəmzlərinin dəyişdirilməsi artıq parlamentin təsdiqini və açıq müzakirələri tələb edir. Bu müzakirələr ya qapalı şəkildə aparılıb, ya da hakimiyyət üçün əlverişsiz olduğundan dövlət simvollarının dəyişdirilməsi məsələsi parlamentin müzakirəsinə çıxarılmayıb”, - deyə “Vzqlyad” yazır.
Alpər Mövludoğlu
Ordu.az