Duqinin robot xofundan Ryabkovun nüvə hədəsinə: Moskva cəbhədəki texnoloji geriliyi nüvə kartı ilə ört-basdır edir?

2026/06/1780554608.jpg
Oxunub: 265     10:28     04 İyun 2026    
Rusiyalı filosof, avrasiyaçılıq ideoloqu Aleksandr Duqin Ukrayna müharibəsində iştirak edən “bir hərbçinin” paylaşımına münasibət bildirib. Həmin paylaşımda hərbçi “narahatlığını ifadə edərək Ukraynanın artıq cəbhədə ilk robot sistemləri əldə etdiyini” qeyd edib.

Duqin Rusiyanın hakimiyyət dairələrini “tarixi proseslərdən geri qalmaqda” tənqid edib. Onun sözlərinə görə, “səfərbərlik 2014-cü ildə, ən gec halda isə 2022-ci ildə elan edilməli idi”. Ukrayna ilə müharibədə texnoloji rəqabət nəticəsində yaranmış geriliyin aradan qaldırılması üçün Duqin yalnız bir çıxış yolu gördüyünü bildirib. Onun fikrincə, bu yol “Stalin dövrü tipli səfərbərlik və elitaların köklü şəkildə dəyişdirilməsi”dir.

Rusiyada ümumi səfərbərlik keçirilməsi ilə bağlı hakimiyyətin niyyətləri barədə məlumatlar beynəlxalq mətbuatda uzun müddətdir yayılır. Moskva bunu bir neçə dəfə təkzib etsə də, Kremlin ideoloqu hesab olunan Duqinin fikirləri göstərir ki, Rusiya rəhbərliyi Ukrayna məsələsində “istənilən qiymətə qələbə qazanmaq” variantını seçib.

Hərbi ekspertlərin fikrincə, Ukraynanı canlı qüvvə hesabına məğlub etmək üçün Rusiyanın daha 1,5 milyon nəfəri hərbi xidmətə çağırması lazım gələcək. Eyni zamanda onlar hesab edirlər ki, “Belarus ərazisindən ikinci cəbhə açılmadan Kiyevi ələ keçirmək mümkün deyil”.

Beş ildir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı müharibəyə qoşulmaqdan yayınır. Hazırda Rusiya üçün vəziyyətin taleyüklü mərhələyə çatdığı görünür və Belarus ərazisindən Ukraynaya qarşı hərbi əməliyyatların başlanması ehtimalı istisna edilmir.

Vəziyyət həqiqətən də kritik həddə yaxınlaşır. İyunun 3-də NATO-nun baş katibi Mark Rütte Kiyevə səfər edib və Rusiya Prezidenti Vladimir Putini açıq şəkildə ələ salaraq bildirib ki, o, “qələbə paradını Ukrayna prezidentinin fərmanı ilə müəyyən edilmiş vaxt çərçivəsində keçirib”.

Moskvanın cavabı isə gecikməyib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya öz ərazi bütövlüyünə qarşı hər hansı müdaxilə halında, hətta nüvə silahına malik olmayan ölkələrə qarşı da nüvə silahından istifadə edə bilər.

Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri Rusiya Konstitusiyasına əsasən ölkənin “ayrılmaz hissəsi” hesab olunur. Ryabkovun bəyanatından belə nəticə çıxarmaq olar ki, Rusiya Ukrayna müharibəsini öz ərazi bütövlüyünə qarşı yönəlmiş müdaxilə kimi qiymətləndirir və “bu əraziləri qorumaq üçün nüvə silahından istifadə edə biləcəyini” bildirir.

Rusiya xarici işlər nazirinin müavini bununla yanaşı, ünvanlandığı ölkələri bəyanatına “maksimum ciddi yanaşmağa” çağırıb. Belə təəssürat yaranır ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsini Karib böhranı səviyyəsinə çatdırmağa çalışır ki, nüvə apokalipsisindən yayınmaq məqsədilə ABŞ və Avropanın nüvə dövlətləri onun Ukraynadakı ərazi qazanclarını tanımağa məcbur olsunlar. Lakin sual yaranır: bu, həqiqətənmi son həddir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Duqin   Ryabkov   Rusiya  


Bizi "telegram"da izləyin