“Otokar” Rumıniyada şirkət satınalma prosesini tamamlayıb

2026/06/1780552409.jpg
Oxunub: 218     10:01     04 İyun 2026    
Türkiyənin quru platformaları istehsalçısı “Otokar” Rumıniyada fəaliyyət göstərən “Automecanica SA” şirkətinin satınalma prosesini rəsmən başa çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Rumıniya Müdafiə Nazirliyinin taktiki təkərli zirehli nəqliyyat vasitələrinin tədarükü proqramı çərçivəsində 2026-cı il aprelin 29-da başladılan satınalma prosesi bütün hüquqi və yerli icazələrin alınmasından sonra yekunlaşıb.

Beləliklə, “Otokar” Avropa İttifaqı ərazisində zirehli texnika istehsal edən ilk Türkiyə şirkəti statusunu qazanıb.

Layihə çərçivəsində Rumıniyanın “Automecanica SA” şirkətinin kapitalının 96,77 faizini təmsil edən səhmlər əldə olunub. Təxminən 85 milyon avro həcmində qiymətləndirilən investisiya nəticəsində Mediaş şəhərində yerləşən istehsal müəssisələri tam şəkildə “Otokar”ın idarəsinə keçib.

Yeni struktur çərçivəsində Rumıniya Ordusu üçün istehsal ediləcək COBRA II 4x4 zirehli nəqliyyat vasitələrinin istehsalı, montajı, inteqrasiyası və sınaqları birbaşa Avropa ərazisində həyata keçiriləcək.

Şirkət hesab edir ki, bu addım NATO-nun şərq cinahında logistika və istehsal imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Eyni zamanda layihə Rumıniyanın müdafiə sənayesinə texnologiya transferi və mühəndislik sahəsində uzunmüddətli töhfə verəcək.

Xatırladaq ki, “Otokar” Rumıniya Müdafiə Nazirliyinin elan etdiyi 1059 ədəd 4x4 yüngül zirehli nəqliyyat vasitəsinin tədarükü tenderinin qalibi olub.

Şirkət 2024-cü il noyabrın 27-də əlavə dəyər vergisi daxil olmaqla təxminən 1 milyard avro dəyərində müqavilə imzalayıb. Bu müqavilə Türkiyənin müdafiə sənayesi tarixində bir dəfəyə həyata keçirilən ən böyük zirehli texnika ixracı layihəsi hesab olunur.

Proqram çərçivəsində Mediaş şəhərində yerləşən və 140 min kvadratmetr ərazini əhatə edən zavodda ilk COBRA II təkərli zirehli nəqliyyat vasitələrinin istehsalına başlanılıb.

Rumıniyada istehsal edilən ilk COBRA II platforması ötən ay regionun ən böyük müdafiə sərgilərindən biri olan BSDA sərgisində nümayiş etdirilib.

“Otokar”ın baş direktoru Aykut Özünər bildirib ki, Avropa İttifaqı sərhədləri daxilində istehsal imkanlarının əldə edilməsi şirkətin beynəlxalq müdafiə layihələrindəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Onun sözlərinə görə, bu investisiya Türkiyənin yüksək texnologiyalı istehsal potensialının Avropaya daşınmasının mühüm göstəricisidir. Baş direktor qeyd edib ki, yaxın dövrdə Rumıniyada istehsal və təhvil prosesləri sürətlə davam etdiriləcək.

Aykut Özünər əlavə edib ki, bu layihə Rumıniyanın yerli istehsal imkanlarının inkişafına və NATO standartlarına uyğun davamlı müdafiə sənayesi infrastrukturunun formalaşdırılmasına töhfə verəcək.

O bildirib ki, Rumıniyada yaradılan yeni istehsal bazasının gələcək regional müdafiə layihələri üçün də mühüm mərkəzə çevrilməsi gözlənilir.

Qeyd edək ki, NATO və BMT tərəfindən təsdiqlənmiş təchizatçı statusuna malik olan “Otokar”ın istehsal etdiyi 33 mindən çox hərbi nəqliyyat vasitəsi hazırda 9-u Avropa ölkəsi olmaqla 50-yə yaxın ölkədə istifadə olunur.

Şirkətin texnikası 80-dən çox son istifadəçinin inventarında aktiv xidmət göstərir. “Otokar” hesab edir ki, Avropa İttifaqı daxilində yaradılan yeni istehsal mərkəzi şirkətin gələcək qlobal müdafiə tenderlərində rəqabət qabiliyyətini daha da artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Otokar   Rumıniya  


Bizi "telegram"da izləyin