Türkiyədə havadan daşına bilən yerli taktiki UTV PURA 4×4 təqdim olunub - VİDEO

2026/05/Ekran-1779786145.jpg
Oxunub: 541     12:56     26 May 2026    
“PROTERM Teknoloji” şirkəti hərbi yüngül taktiki nəqliyyat vasitələri bazarında yeni həll təqdim edib.

Ordu.az xəbər verir ki, şirkətin dizayn mühəndisi Hakan Sarı “Defensehere” nəşrinə açıqlamasında tam yerli imkanlarla hazırlanan çoxməqsədli PURA 4×4 UTV platformasının xüsusiyyətlərindən danışıb.

Məlumata görə, yüksək yerlilik səviyyəsinə malik olan vasitə üstün ərazi keçid qabiliyyəti və havadan daşına bilmə xüsusiyyəti ilə diqqət çəkir.

Sarı bildirib ki, mühərrik və diferensial asqı sistemi istisna olmaqla, platformanın bütün dizaynı və istifadə olunan materiallar yerli istehsaldır.

Onun sözlərinə görə, PURA 4×4 son dövrdə artan ehtiyaclar və xaricdən daxil olan tələblər əsasında hazırlanıb.

Şirkət rəsmisi qeyd edib ki, vasitə xüsusilə zirehli texnikanın hərəkət etməkdə çətinlik çəkdiyi dağlıq, meşəlik və mürəkkəb relyefli bölgələrdə istifadə üçün nəzərdə tutulub.

Sarı vurğulayıb ki, platformanın əsas üstünlüklərindən biri dizel mühərrikə malik olmasıdır.

Bu xüsusiyyət yanacaq təchizatı baxımından mühüm üstünlüklər yaradır və xarici rəqiblərlə müqayisədə əlavə imkan təmin edir. PURA 4×4-ün diqqət çəkən xüsusiyyətlərindən biri də modul quruluşa malik olmasıdır.

Platformanın iki, dörd və altı nəfərlik variantları mövcuddur və o, tapşırığa uyğun olaraq logistika, ambulans və ya komanda-idarəetmə vasitəsinə çevrilə bilir. Hazırda 40 mm-lik qumbaraatanla təchiz olunan vasitəyə müxtəlif çaplı silah sistemlərinin inteqrasiyası da mümkündür.

Sarı qeyd edib ki, platforma bu xüsusiyyət sayəsində “vur-qaç” konsepsiyalı vasitə kimi istifadə oluna bilər. O qeyd edib ki, PURA 4×4 xüsusi dəst vasitəsilə helikopterdən endirilərək hava-desant əməliyyatlarında istifadə edilə bilir.

Platforma CH-47 “Chinook” kimi ağır nəqliyyat helikopterlərinin daxilinə sürülərək və ya UH-60 “Black Hawk” tipli helikopterlərin xarici yük qarmağına asılaraq daşına bilir.

Bundan əlavə, PURA 4×4 C-130 “Hercules” və A400M kimi nəqliyyat təyyarələrindən paraşüt vasitəsilə atılma imkanına da malikdir. Şirkət platformanın sınaqlarının uğurla tamamlanmasından sonra TSQ inventarına daxil edilməsini və ilk ixrac müqavilələrinin imzalanmasını hədəfləyir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UTV-PURA   PROTERM-Teknoloji  


Bizi "telegram"da izləyin