Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, “Brent” markalı neft fyuçersləri 1,98 dollar və ya 2,1 faiz artaraq bir barel üçün 98,12 dollara yüksəlib.
ABŞ-nin WTI markalı nefti isə bir barel üçün 91,79 dollar səviyyəsində olub.
Analitiklər bildirirlər ki, həm ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr, həm də İsrailin “Hizbullah”a qarşı hücumları bazarda gərginliyi artırıb.
“Marko Rubio bildirib ki, İranla razılaşmanın əldə olunması bir neçə gün çəkə bilər və bu, münaqişənin tezliklə bitəcəyinə dair ümidləri azaldıb”, - deyə xəbərdə qeyd olunub.
Məlumata görə, müharibə başlayandan etibarən Tehran Hörmüz boğazı vasitəsilə Körfəzdən qeyri-İran gəmilərinin giriş-çıxışını demək olar tam dayandırıb. Bu isə qlobal neft və mayeləşdirilmiş təbii qaz axınının təxminən beşdə birini əngəlləyib.
Hazırda İranın əsas danışıqçısı və xarici işlər naziri Dohada Qətər baş naziri ilə ABŞ ilə mümkün razılaşmanı müzakirə edir.
Vaşinqton və Tehran bildiriblər ki, müharibəni dayandıracaq memorandum üzrə müəyyən irəliləyiş əldə olunub və tərəflər yekun saziş üçün 60 günlük müddət nəzərdə tuturlar.
“Nikkei” nəşri Yaxın Şərqdəki diplomatik mənbəyə istinadən yazıb ki, İran saziş çərçivəsində 30 gün ərzində Hörmüz boğazındakı minaları təmizləyəcək.
Bundan sonra bütün ölkələrin gəmiləri marşrut üzrə sərbəst və təhlükəsiz şəkildə hərəkət edə biləcək, Tehran isə tranzit rüsumlarını dayandıracaq.
Analitik Tim Waterer bildirib ki, treyderlər boğaz ətrafında aylardır ilişib qalan tanker gəmilərinin nəhayət sərbəst buraxılacağına böyük ümid bəsləyirlər.
Gəmi izləmə məlumatlarına görə, son günlərdə Pakistan, Çin və Hindistana istiqamətlənən üç mayeləşdirilmiş təbii qaz tankeri boğazdan keçib.
ABŞ prezidenti Donald Tramp isə bazar ertəsi yenidən İrandan zənginləşdirilmiş uranı təhvil verməyi tələb edib.
Analitik Toni Sikamor bildirib ki, bu, razılaşmanın son anda da çökə biləcəyini göstərir.
Sevinc Əliyeva
Ordu.az