İran Hörmüz boğazı uğrunda qarşıdurmada “güzəştə getməyə” hazır görünür

2026/05/1778839819.jpg
Oxunub: 410     08:08     26 May 2026    
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreusun fikrincə, İran Hörmüz boğazında gəmiçiliyə nəzarət ətrafında yaranmış mübahisədə “güzəştə getməyə” hazır olduğu mərhələyə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Petreus UBS Asiya İnvestisiya Konfransında çıxışı zamanı danışıb.

Hazırda KKR “Global Institute”un sədri vəzifəsini tutan Petreus bildirib ki, Tehranla sülh sazişi üzrə ilkin uğur əldə olunarsa, strateji əhəmiyyətə malik boğaz heç bir ilkin şərt olmadan açılmalıdır.

“İran həmçinin hərəkətə nəzarət etmək, tranzit haqqı toplamaq və ya gələcəkdə boğazı bağlamaq təhdidindən məhrum edilməlidir. Görünən odur ki, məhz belə bir ssenari artıq uzaqda deyil”, - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri əlavə edib.

Onun sözlərinə görə, əgər İrana bu kritik su arteriyası üzərində müəyyən nəzarəti saxlamağa imkan verilsə, Tehran ABŞ və İsrail zərbələri nəticəsində hərbi potensialının faktiki olaraq məhv edilməsinə baxmayaraq “strateji baxımdan güclənə” bilər.

“Onların sürətli katerlər istisna olmaqla bütün hərbi dəniz donanması faktiki olaraq məhv edilib. Raket potensialı ciddi şəkildə zəiflədilib, qərargahlar və hərbi obyektlər dağıdılıb, artıq hərbi hava qüvvələri yoxdur və sair”, - deyə general bildirib.

Bununla belə, İran hələ də boğazın minalanması və ya pilotsuz uçuş aparatları, raketlər və sağ qalmış katerlər vasitəsilə ticarət gəmilərinə hücum etməklə Hörmüz boğazını bağlamaq təhdidi yarada bilər.

Ekspertin fikrincə, Tehran boğazda müharibədən əvvəlki status-kvonun bərpasını pozmaq imkanına malikdir.

Petreus vurğulayıb ki, Hörmüz boğazı məsələsi regional razılaşmanın ən vacib hissələrindən biri olsa da, Vaşinqton Tehranla bağlı digər fundamental problemləri də həll etməlidir.

Bunlara İranın nüvə proqramı və onun “Hizbullah” kimi proksi qruplaşmaları maliyyələşdirməsi daxildir.

“Bu məsələlər həll edilməlidir, lakin yaxın gələcəkdə bunun baş verəcəyi mənə heç də aydın görünmür”, - deyə o yekunlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz   ABŞ  


Bizi "telegram"da izləyin