ABŞ-nin “dörd növ yadplanetli” aşkarladığı iddia edilib

2026/05/1779768293.jpg
Oxunub: 405     08:05     26 May 2026    
ABŞ hakimiyyətinin guya yerdənkənar həyatın dörd fərqli növünə aid qalıqlar aşkar etməsi ilə bağlı yeni iddialar uçan naməlum obyektlər və hökumətin mümkün məlumat gizlətməsi mövzusunda müzakirələri yenidən gündəmə gətirib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bu iddia ilə əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilmiş tədqiqatçı və “Advanced Aerospace Weapon System Applications Program” (AAWSAP) proqramının keçmiş müşaviri doktor Hel Puthoff çıxış edib.

O bu açıqlamanı “The Diary of a CEO” podkastında “Age of Disclosure” sənədli filminin rejissoru Den Farra ilə birlikdə səsləndirib.

Puthoff bildirib ki, iddia edilən yadplanetli sivilizasiyaların texnologiyaları o qədər inkişaf edib ki, istəsələr insanlardan tamamilə gizlənə bilərlər.

“Onların texnologiya səviyyəsini nəzərə alsaq, əgər görünmək istəməsəydilər, biz heç nə görməzdik. Deməli, hansısa səbəbdən görünmək istəyirlər”, - deyə o bildirib.

Puthoff əlavə edib ki, naməlum uçan obyektlərin çıxarılması proqramlarında iştirak edən şəxslər ona yerdənkənar həyatın dörd fərqli növü barədə məlumat veriblər.

“Bu əməliyyatlarda iştirak edən şəxslər ən azı dörd növün mövcud olduğunu deyirdilər. Mən həmin məlumatlara birbaşa çıxış əldə etməmişəm, lakin danışdığım insanlara güvənirəm”, - deyə o vurğulayıb.

Puthoff detalları açıqlamasa da, AAWSAP proqramındakı keçmiş həmkarı doktor Erik Devis daha əvvəl dörd ehtimal olunan növ barədə danışıb:

“Nordiklər” (Nordics)

“Bozlar” (Grays)

“Həşəratabənzərlər” (Insectoids)

“Sürünənabənzərlər” (Reptilians)

Uçan naməlum obyektlər barədə nəzəriyyələrin tərəfdarları bildirirlər ki, bu varlıqların hamısı iki əl və iki ayağa malik humanoid quruluşdadır.

İnsanlara ən çox bənzəyənlərin “Nordiklər” olduğu qeyd edilir. “Bozlar” adətən böyük gözlü və tüksüz kiçik varlıqlar kimi təsvir edilir. “Sürünənabənzərlər” pulcuqlu və quyruqlu ikiayaqlı kərtənkələ bənzəri canlılar, “Həşəratabənzərlər” isə dua edən mantisə bənzər həyat formaları kimi təqdim olunur.

Nə Puthoff, nə də müzakirənin digər iştirakçıları yerdənkənar bioloji obyektlərin mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etməyiblər.

Bununla belə, naməlum anomal hadisələr mövzusu ABŞ hakimiyyətinin diqqətini yenidən cəlb edib. Ötən həftə Pentaqon Donald Tramp administrasiyasının naməlum uçan obyektlərlə bağlı məlumatların açıqlanması proqramı çərçivəsində yeni məxfilikdən çıxarılmış sənədlər paketini yayımlayıb.

Bu mövzuya maraq xüsusilə 2023-cü ildə ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat əməkdaşı Devid Qraşın ifadələrindən sonra artıb. O zaman Qraş Konqresdə ABŞ hakimiyyətinin guya qəzaya uğramış obyektlərdən çıxarılan “insana aid olmayan bioloji materiallara” sahib olduğunu iddia etmişdi.

Lakin ABŞ hökuməti yerdənkənar həyatın mövcudluğunu rəsmi şəkildə təsdiqləməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yadplanetli  


Bizi "telegram"da izləyin