Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Bundan əvvəl Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas Meksikada jurnalistlərə açıqlamasında Kubadakı hazırkı ağır yaşayış şəraitinin “onilliklərdir davam edən səmərəsiz idarəçilik və siyasi repressiyaların” nəticəsi olduğunu bildirib.
Kuba xarici işlər naziri Bruno Rodriges isə Kallasın açıqlamalarının “açıq ikili standartların təzahürü” olduğunu deyib.
“ABŞ hökumətinin blokadanın görünməmiş şəkildə sərtləşdirilməsi, neft embarqosu və hərbi təhdid vasitəsilə Kuba xalqına tətbiq etdiyi qanunsuz, qəddar və ədalətsiz kollektiv cəzanın kubalıların bugünkü ağır vəziyyətinin əsas səbəbi olduğunu qəbul etmək istəməmək obyektivliyi tamamilə məhv edir”, - deyə Rodriges “X” sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, son on ildə Kubanın dövlət siyasəti “geniş xalq konsensusuna” əsaslanır və yalnız ölkənin “daxili işlərinə” aiddir.
Nazir xatırladıb ki, mayın 1-də Donald Tramp Kuba əleyhinə yeni sanksiyalar dalğasını nəzərdə tutan fərman imzalayıb. Həmin sanksiyalar ada ilə işləyən xarici şirkətlərə, o cümlədən bir sıra Avropa müəssisələrinə qarşı ikinci dərəcəli məhdudiyyətləri də əhatə edir.
Rodriges bununla bağlı Kaya Kallasın niyə zərər çəkmiş Avropa şirkətləri və vətəndaşlarına “narahatlıq və ya dəstək” ifadə etmədiyi sualını qaldırıb. 2017-ci ildə Avropa İttifaqı ilə Kuba arasında siyasi dialoq və iqtisadi əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb.
Ötən həftə Vaşinqton münasibətlərin daha da gərginləşməsi istiqamətində addım ataraq Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı 1996-cı ildən davam edən məhkəmə işi üzrə cinayət ittihamları irəli sürüb. Havana artıq xəbərdarlıq edib ki, bu addım ABŞ-nin hərbi müdaxilə üçün bəhanəsinə çevrilə bilər.
Sevinc Əliyeva
Ordu.az