Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasından yayımlanan yeni görüntülərdə bildirilib.
Məlumata görə, 2026-cı il mayın 14-də çəkilmiş görüntülərdə F-16 qırıcısının “hava-hava” raketləri, lazerlə idarə olunan bombalar və aşağı xərcli pilotsuz uçuş aparatlarını vurmaq üçün istifadə edilən 70 mm lazerlə idarə olunan raketlərlə təchiz olunduğu görünür.
Qeyd olunub ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi “Operation Epic Fury” əməliyyatı 2026-cı il fevralın 28-də başlayıb və mayın 5-də başa çatıb. ABŞ dövlət katibi Marko Rubio əməliyyatın məqsədlərinə çatdığı üçün tamamlandığını və Vaşinqtonun artıq “sülh yolunu” seçdiyini açıqlayıb.
Bununla belə, bölgədəki əməliyyat fəaliyyəti davam edir. Məlumata görə, F-16 qırıcıları ehtiyac yaranacağı halda yerüstü hədəflərə zərbə endirmək və yaxınlaşan təhdidlərin qarşısını almaq məqsədilə fasiləsiz hava patrulu həyata keçirir.
1970-ci illərdən etibarən ABŞ hava gücünün əsas platformalarından biri olan F-16 uzun illər köhnəlmiş və müasir təhdidlər üçün yetərsiz hesab olunurdu. Lakin yayımlanan son görüntülərin qırıcının dəyişən təhlükələrə uyğunlaşma imkanlarını nümayiş etdirdiyi bildirilib.
Məlumata görə, F-16-lar “Operation Epic Fury” əməliyyatından sonra ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunun əsas elementlərindən birinə çevrilib. Qırıcıların silah yükündə “hava-hava” raketləri, lazerlə idarə olunan bombalar və xüsusilə diqqət çəkən APKWS II raket blokları yer alır.
“Advanced Precision Kill Weapon System II” sistemi son dövrlərdə pilotsuz uçuş aparatlarına qarşı aşağı xərcli həll kimi ön plana çıxıb. Bildirilir ki, APKWS II əvvəlcə “hava-yer” təyinatlı 70 mm lazerlə idarə olunan raket sistemi kimi hazırlanıb. Sistemin əsas üstünlüyü idarə olunan raketlərlə müqayisədə daha aşağı xərc hesabına dəqiq zərbə imkanları təqdim etməsidir.
Məlumata görə, APKWS II raketinin bir ədədinin qiyməti təxminən 30 min dollar olduğu halda, AIM-9X “Sidewinder” qısa mənzilli “hava-hava” raketinin dəyəri 500 min dollara yaxındır. Ekspertlər qeyd edirlər ki, ucuz pilotsuz uçuş aparatı sürülərinə qarşı bahalı raketlərdən istifadə iqtisadi baxımdan davamlı deyil.
Sistem “Sniper” və ya “Litening” hədəfləmə podları vasitəsilə pilotsuz uçuş aparatının lazerlə işarələnməsi prinsipi ilə fəaliyyət göstərir. CENTCOM bölgəsində F-16-ların əsasən iki təyyarədən ibarət qruplarla fəaliyyət göstərdiyi bildirilib. Bu zaman bir qırıcı hədəfi işarələyir, digəri isə APKWS II raketləri ilə hücumu həyata keçirir.
Qeyd olunub ki, standart F-16 qırıcısı adətən altı raket daşıyır, lakin əlavə APKWS II bloklarının inteqrasiyası qırıcının nişanalma imkanlarını təxminən üç dəfə artırır. Məlumata görə, pilotsuz uçuş aparatı sürülərinə qarşı altı deyil, 18 və ya daha çox atış imkanına sahib olmaq əməliyyat uğuru baxımından kritik əhəmiyyət daşıyır.
CENTCOM komandanı admiral Bred Kuper də ordunun daha aşağı xərcli pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinə üstünlük verdiyini təsdiqləyib.
Onun sözlərinə görə, ABŞ ordusu pilotsuz uçuş aparatlarına qarşı xərc balansını dəyişməyə başlayıb.
Ekspertlər hesab edirlər ki, Yəməndə husilərə qarşı əməliyyatlar zamanı ucuz pilotsuz uçuş aparatlarına qarşı milyonlarla dollar dəyərində raketlərin istifadəsi ciddi iqtisadi balanssızlıq yaradıb.
Məlumata görə, F-16 platforması dəyişən təhdid mühitinə uyğunlaşaraq effektivliyini qorumaqda davam edir.
Sevinc Əliyeva
Ordu.az