“ZSR Patlayıcı” tam inteqrasiya olunmuş istehsalla xarici asılılığı azaltmağı hədəfləyir - VİDEO
Oxunub: 580
21:28
25 May 2026
Balıkəsirdə yerləşən 40 min kvadratmetrlik müəssisəsində giliz, nüvə və kapsul daxil olmaqla bütün kritik komponentləri istehsal edən “ZSR Patlayıcı” xarici asılılığı minimuma endirməyi planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktor müavini Mehmet Özdemir açıqlama verib.
Onun sözlərinə görə, şirkət qısa müddətdə tam inteqrasiya olunmuş istehsal modelinə keçib.
Özdemir bildirib ki, artıq giliz, nüvə və kapsul kimi bütün kritik sursat komponentləri şirkətin öz müəssisələrində hazırlanır.
Şirkətin istehsal portfelinə 9×19 mm, 5,56×45 mm, 7,62×39 mm, 7,62×51 mm və 12,7×99 mm çaplı sursatlar daxildir. Məlumata görə, bütün məhsullar NATO standartlarına tam uyğun hazırlanır.
“ZSR Patlayıcı”da təxminən 600 nəfər çalışır. Bunlardan 500 nəfərinin fəhlə, 100 nəfərinin isə inzibati heyət olduğu qeyd edilib. Şirkətdə 40 mühəndisin fəaliyyət göstərdiyi bildirilib.
Özdemir vurğulayıb ki, müəssisənin seriyalı maşın parkı sursat istehsalının bütün mərhələlərini əhatə edir.
Onun sözlərinə görə, metal formalaşdırma və emal maşınları, avtomatik doldurma və montaj xətləri, kapsul istehsalı müəssisələri və ballistik test avadanlıqları yüksək dəqiqlik təmin edir.
Şirkət nümayəndəsi qeyd edib ki, əsas strateji məqsədlərdən biri qlobal sursat istehsalçıları arasında mövqeyi qorumaq, yeni çaplı məhsullarla çeşidi genişləndirmək və strateji bazarlarda qalıcı yer tutmaqdır.
Məlumata görə, “ZSR Patlayıcı” hazırda 148 ölkəyə ixrac həyata keçirir.
Özdemir bildirib ki, şirkət NATO müttəfiqi ölkələr üçün də sursat həlləri təqdim etməyi prioritet hesab edir.