Səudiyyə Ərəbistanı İranla müharibə fonunda gözlənilməz üstünlüklər əldə edir

2026/05/1779729719.jpg
Oxunub: 427     21:16     25 May 2026    
İrana qarşı müharibə qlobal enerji axınlarını dəyişdirərkən və dünya iqtisadiyyatına təsir göstərərkən, Səudiyyə Ərəbistanı neft gəlirlərinin artımı hesabına milyardlarla dollar qazanc əldə edir və əsas ticarət mərkəzi kimi mövqeyini gücləndirir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, müharibə ümumi iqtisadi artımı ləngitsə və müdafiə ilə logistika xərclərini artırsa da, neft qiymətlərinin kəskin yüksəlməsi və əvvəlcədən hazırlanmış fövqəladə planlar krallığın gəlirlərini əhəmiyyətli dərəcədə artırmasına imkan verib.

Bildirilir ki, Qırmızı dəniz sahilləri Hörmüz boğazını əvəz edən həyati tranzit marşrutuna çevrilib. Çünki boğaz müharibənin başlanğıcından etibarən kommersiya gəmiçiliyi üçün demək olar ki, tam bağlanıb.

Ər-Riyadda fəaliyyət göstərən Karnegi Yaxın Şərq Mərkəzinin analitiki Hişam Alqannam qeyd edib ki, Səudiyyə Ərəbistanı Qırmızı dəniz regionunda təhlükəsizliyin əsas dayağı olduğunu sübut edib.

Ekspertin sözlərinə görə, krallıq hazırda Ərəbistan yarımadası boyunca tədarük zəncirlərinin əsas tranzit marşrutuna çevrilir və bu, vəliəhd şahzadə Məhəmməd bin Salmanın 1,3 trilyon dollarlıq iqtisadi layihələrinə ciddi təkan verə bilər.

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Oman da alternativ ticarət marşrutlarını sürətlə inkişaf etdirir.

Məlumata görə, müharibənin ilk tam ayı ərzində Səudiyyə Ərəbistanının neft ixracından əldə etdiyi gəlirlər son üç ilin maksimum səviyyəsinə çataraq 24,7 milyard dollar olub.

Bu artım əsasən onilliklər əvvəl hazırlanmış fövqəladə plan və “Şərq-Qərb” neft kəməri hesabına mümkün olub. Qeyd olunub ki, geniş avtomobil yolu şəbəkəsi minlərlə yük maşınının Qırmızı dəniz limanları vasitəsilə Fars körfəzi regionuna fasiləsiz yük daşınmasını təmin edib.

Bununla belə, ölkənin qeyri-neft sektorunda iqtisadi artım zəifləyib. Beynəlxalq Valyuta Fondu 2026-cı il üzrə Səudiyyə Ərəbistanının iqtisadi artım proqnozunu 3,1 faizə endirib.

“Bloomberg Economics”in baş iqtisadçısı Ziad Daud bildirib ki, hərbi əməliyyatların hər ayı Səudiyyə Ərəbistanına ÜDM-in təxminən 1,5 faizi həcmində əlavə xərc yaradır.

Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri də alternativ ixrac mərkəzləri yaratmaq və Oman körfəzində yerləşən Əl-Fuceyra limanına yeni boru kəməri çəkmək üçün böyük investisiyalar yatırır.

Oman isə Şarja ilə birlikdə yeni ticarət dəhlizi istifadəyə verib. Bildirilir ki, Səudiyyə Ərəbistanı ölkənin şimal-qərbində yerləşən “Neom” meqalayihəsinin bəzi obyektlərini logistika mərkəzinə çevirməyə hazırlaşır. Yeni strategiyaya əsasən, “Neom” limanı Avropa şirkətlərinin BƏƏ, Küveyt və İraq bazarlarına çıxışı üçün əsas logistika qovşağına çevrilə bilər.

Qeyd olunub ki, 1 trilyon dollarlıq aktivlərə malik Səudiyyə Ərəbistanının suveren fondu nəqliyyat və logistika aktivlərini birləşdirərək vahid iri şirkət yaratmaq imkanını da nəzərdən keçirir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun analitiki Albert Vidal Ribe bildirib ki, müharibə Səudiyyə Ərəbistanının Asiya, Afrika və Avropa arasında əsas logistika habına çevrilməsi prosesini sürətləndirir.

Məlumata görə, Səudiyyə Ərəbistanının əsas fond indeksi müharibənin başlanğıcından etibarən təxminən 3 faiz artıb, Dubay və Əbu-Dabi indeksləri isə müvafiq olaraq 10 və 7 faiz azalıb.

Ekspertlər hesab edirlər ki, Hörmüz boğazından yan keçən marşrutların diversifikasiyası uzunmüddətli prosesə çevriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   İran  


Bizi "telegram"da izləyin