Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” nəşri məlumat yayıb.
Məlumata görə, şirkətin 2026-cı il mayın 22-də açıqladığı yeni investisiya ABŞ və müttəfiqlərinin raket və pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Bildirilib ki, sursat istehsalı mərkəzinin tərkibində yaradılan 8 min kvadratmetrlik yeni “Bina 47” THAAD önləyici raketlərinin istehsalını genişləndirmək və artan sursat tələbatını qarşılamaq üçün nəzərdə tutulub.
Qeyd olunub ki, layihə “Lockheed Martin”in ABŞ-nin raket və sursat istehsalı potensialını artırmağa yönəlmiş və ümumi dəyəri 9 milyard dolları ötən geniş investisiya proqramının bir hissəsidir.
Nəşr vurğulayıb ki, uzunmənzilli ballistik raketlər, “gəzən sursat”lar və pilotsuz uçuş aparatı sürülərinin yaratdığı təhdidlər müdafiə planlaşdırıcılarını hava hücumundan müdafiə şəbəkələrini modernləşdirməyə məcbur edir.
Məlumata görə, Yaxın Şərqdə artan gərginlik fonunda THAAD sistemi ABŞ-dən kənarda da ən çox tələb olunan strateji hava hücumundan müdafiə sistemlərindən birinə çevrilib.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri İranın ballistik raket təhdidlərinə qarşı müdafiəsini gücləndirmək məqsədilə sistemi alan ilk xarici istifadəçi olub.
Səudiyyə Ərəbistanının da milli hava hücumundan müdafiə imkanlarını modernləşdirmək çərçivəsində THAAD sistemləri üçün böyük satınalma müqavilələri imzaladığı qeyd edilib.
Ekspertlər hesab edirlər ki, NATO üzvləri, Hind-Sakit okean regionundakı müttəfiqlər və Yaxın Şərq tərəfdaşları üçün hava hücumundan müdafiə sistemləri prioritet satınalma istiqamətinə çevrilib.
Məlumata görə, müasir təhlükələr artıq yalnız ənənəvi ballistik raketlərlə məhdudlaşmır, hipersəs sursatlarını, aşağı hündürlükdə uçan qanadlı raketləri və koordinasiyalı pilotsuz uçuş aparatı hücumlarını da əhatə edir.
Qeyd olunub ki, Yaxın Şərqdə son hərbi əməliyyatlar strateji hava və raketdən müdafiə sistemlərinin əhəmiyyətini bir daha gündəmə gətirib.
THAAD sistemi 1992-ci ildə “Lockheed Martin” tərəfindən ballistik raketlərə qarşı müdafiə məqsədilə hazırlanmağa başlanıb. Sistem 1995-ci ildən sınaqlardan keçirilib və 1999-cu ildə ilk dəfə hədəfi uğurla məhv edib.
Maksimum 200 kilometr məsafəyə və 150 kilometr hündürlüyə malik olan sistem yüksək təbəqəli hava hücumundan müdafiə məqsədilə istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az