Ordu.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, yaranmış vəziyyət Donald Tramp administrasiyasını İsrail və Vaşinqtondakı tərəfdarlarının sərt müqavimətinə baxmayaraq ilkin razılaşma layihəsini qəbul etməyə vadar edib.
Nəşr qeyd edib ki, diplomatik proses ABŞ-nin regiondakı təsirinin zəifləməsinə uyğun şəkildə formalaşan yeni regional düzənin fonunda baş verir. Bildirilib ki, Vaşinqtonun İrana həlledici zərbə endirə bilməməsi, Hörmüz boğazını güc yolu ilə açmaması və Fars körfəzindəki müttəfiqlərinin təhlükəsizliyini təmin edə bilməməsi region ölkələrini yeni yanaşmalara sövq edib.
London Kral Kollecinin dosenti Andreas Kriq bildirib ki, Körfəz ölkələri Vaşinqtonun İranın pilotsuz uçuş aparatları və raket hücumlarına qarşı ilk növbədə İsraili müdafiə etməsindən ciddi narazı qalıb. “Yaxın Şərqdə ABŞ imperiyasının zəifləməsinin şahidi ola bilərik”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Körfəz ölkələrində ABŞ-nin liderlik qabiliyyətinə qarşı ciddi məyusluq yaranıb. Məlumata görə, Tehran və Vaşinqton arasında çərçivə sazişi üzrə danışıqların son mərhələsində Pakistan və Qətər rəsmiləri İrana səfər ediblər.
Bildirilir ki, səkkiz müsəlman ölkəsinin liderləri Trampla telefon danışığında onu müharibəyə son qoyacaq və Hörmüz boğazını açacaq razılaşmanı qəbul etməyə çağırıblar. Nəşr qeyd edib ki, əvvəllər Vaşinqton daxilindəki siyasi mübarizədə Benyamin Netanyahuya uduzan ərəb dövlətləri bu dəfə İsrail Baş nazirinin təsirini zəiflətməyə nail olublar.
Məlumata görə, Donald Tramp razılaşmanın şərtlərinin artıq “əhəmiyyətli dərəcədə razılaşdırıldığını” açıqlayıb.
“The Times of Israel” nəşri isə vəziyyəti şərh edən məqaləsində İsrailin İranla müharibəyə ABŞ ilə tərəfdaş kimi başladığını, lakin prosesi kənarda tamamladığını yazıb. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Bəhreyn, Pakistan, Türkiyə və Misirin artıq sülh prosesini dəstəklədiyi qeyd olunub.
Ekspertlər hesab edirlər ki, müharibənin nəticələri İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim razılaşmaları”na yeni dövlətlərin qoşulması ehtimalını azaldıb.
Pakistanın ABŞ-dəki keçmiş səfiri Məsud Xan bildirib ki, İslamabadın əsas uğuru digər dövlətləri də sülh prosesinə cəlb etməsi olub. “Pakistan təkbaşına hərəkət edə bilməzdi. Vasitəçiliyin daha təsirli olması üçün arxa təminat lazım idi”, - deyə o qeyd edib.
Məlumata görə, ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu qorunub saxlanılsa da, region dövlətləri artıq təhlükəsizlik sahəsində alternativ tərəfdaşlar axtarmağa başlayıblar.
Qeyd olunub ki, Pakistan müharibə zamanı Səudiyyə Ərəbistanını qorumaq üçün qoşun və qırıcılar göndərib, Misir isə BƏƏ-də hərbi qüvvələr yerləşdirib.
BƏƏ-dən olan siyasi ekspert Əbdül Xalek Əbdulla bildirib ki, ölkəsi İranın raket, pilotsuz uçuş aparatı və nüvə proqramından tam məhrum edilməsini istəsə də, bunun praktiki baxımdan mümkün olmadığı ortaya çıxıb.
Ekspert əlavə edib ki, hazırda Türkiyə, İsrail və Körfəz ölkələrinin İranın zəifləməsi nəticəsində yaranan boşluq uğrunda rəqabət apardığı yeni Yaxın Şərq formalaşır.
Məlumata görə, Səudiyyə Ərəbistanı və Pakistan arasında ötən il imzalanmış qarşılıqlı müdafiə sazişi əsasında yeni regional blokun yaradılması müzakirə olunur. Türkiyə, Qətər və Misirin də bu ittifaqa qoşulması ehtimalı səbəbindən layihə artıq “müsəlman NATO-su” adlandırılır.
Londonun Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun əməkdaşı H.A. Hellier bildirib ki, region ölkələri Tehranda rejim dəyişikliyini son dərəcə təhlükəli ssenari hesab edir.
Onun sözlərinə görə, İran dövlətçiliyinin dağılması xaosa səbəb ola bilərdi və bundan yalnız İsrail faydalana bilərdi.
Hellier vurğulayıb ki, Yaxın Şərqdə təhlükəsizlik arxitekturası artıq yalnız ABŞ ətrafında formalaşmır.
Sevinc Əliyeva
Ordu.az