Analitik Trampın İranla bağlı açıqlamalarını şərh edib: “Bazar ertəsi müharibə günü, cümə isə sülh günüdür”

2026/05/1779722637.jpg
Oxunub: 570     19:22     25 May 2026    
“ABŞ Prezidenti Donald Trampın İranla bağlı razılaşma məsələsində respublikaçıların sərt təzyiqi ilə üzləşdikdən sonra geri addım atdığı ehtimal olunur”.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News” telekanalının təhlükəsizlik və müdafiə məsələləri üzrə eksperti Maykl Klark bildirib.

Analitik qeyd edib ki, Tramp son günlərdə İranla sülh sazişinin yaxın olduğunu desə də, daha sonra ritorikasını sərtləşdirib. “Bazar ertəsi müharibə günü, cümə isə sülh günüdür”, - deyə Klark bildirib.

Onun sözlərinə görə, Tramp cümə günləri maliyyə bazarlarını sakitləşdirmək üçün razılaşmanın yaxın olduğunu vurğulayır, bazar ertələri isə hərbi əməliyyatlara qayıdış ehtimalını gündəmə gətirir.

Klark hesab edir ki, son üç ay ərzində bu yanaşma davamlı şəkildə müşahidə olunur.

Ekspert bildirib ki, respublikaçıların bir hissəsi razılaşmanın şərtlərini tənqid edərək onun 2015-ci il nüvə sazişindən daha zəif olduğunu iddia edir.

Maykl Klark əlavə edib ki, senatorlar Ted Kruz və Lindsi Qrehem kimi nüfuzlu respublikaçıların təzyiqi fonunda Tramp hazırda yekun razılaşmanın mövcud olmadığını göstərməyə çalışır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin