Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Diplomatik danışıqların gedişi ilə tanış olan iki regional rəsmi memorandum layihəsində bir sıra şərtlərin yer aldığını təsdiqləyib.
Məlumata görə, layihədə mövcud atəşkəs rejiminin 60 gün uzadılması, İran tərəfindən Hörmüz boğazının dərhal açılması və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün tədbirlərin görülməsi nəzərdə tutulur.
Bundan əlavə, İran, ABŞ və onların müttəfiqlərinin bütün cəbhələrdə hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat verməsi planlaşdırılır.
Tərəflər bir-birinə qarşı müharibə başlamamaq, güc tətbiq etməmək və bununla hədələməmək öhdəliyi götürürlər.
Layihədə həmçinin İranın heç vaxt nüvə silahı yaratmamaq öhdəliyini bir daha təsdiqləməsi və zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyası ilə bağlı mexanizmin razılaşdırılması da yer alıb.
Qeyd olunub ki, İranın dondurulmuş maliyyə aktivləri və sanksiyalarla bağlı məsələlərin həlli Tehranın qeyd olunan öhdəliklərə əməl etməsindən asılı olacaq.
ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi “CBS News” telekanalına layihədəki bəzi müddəaları faktiki olaraq təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az