TASS-ın məlumatına görə, Lavrov aydınlaşdırıb ki, “xüsusi hərbi əməliyyat”ın gedişini “həm Rusiyanın qonşuları və dostları, həm də rəqibləri və düşmənləri diqqətlə izləyirlər”.
Lavrov rəhbərlik etdiyi qurumun əsas vəzifəsini də müəyyən edib: “Diplomatik cəbhədə ən əlverişli şəraiti yaratmaq ki, Rusiya Silahlı Qüvvələri “xüsusi hərbi əməliyyat” çərçivəsində qalibiyyətli əməliyyatlar həyata keçirmək imkanı əldə etsin”.
Beləliklə, Rusiya xarici işlər naziri faktiki olaraq Ukrayna ilə hərbi münaqişənin sülh danışıqları yolu ilə həllini istisna edib və müəyyənləşdirib ki, xarici siyasət yalnız o halda effektiv olacaq ki, müharibəni təkcə əsaslandırmasın, həm də onu “qalibiyyətlə başa çatdırmaq” üçün “əlverişli şərait yaratsın”.
Rusiyanın Ukraynaya qarşı müharibədə nə dərəcədə hərbi müttəfiqlər “cəlb edə” biləcəyini proqnozlaşdırmaq çətindir. Ona açıq dəstək göstərən yeganə ölkə Şimali Koreyadır. Rusiyanın ikinci hərbi tərəfdaşı İran isə son dərəcə mürəkkəb dövr yaşayır. Çin də müəyyən qədər Rusiyaya kömək edir, lakin bu, Ukrayna müharibəsinin nəticəsini müəyyənləşdirəcək səviyyədə görünmür.
Lakin daha vacib məqam odur ki, Lavrov Rusiyanın təsirini və tərəfdaş ölkə kimi cəlbediciliyini Ukraynaya qarşı hərbi qələbə ilə əlaqələndirib. Bu etiraf göstərir ki, məşhur sovet filmindəki qəhrəmanın dediyi kimi, Rusiyanın “geri dönüş yolu yoxdur”, Putini hətta “şərəfli heç-heçə” də qane etmir.
Bu vəziyyət Rusiyanın mövqeyinin radikallaşmasına gətirib çıxarır. Göründüyü qədərilə, Moskva ilə Vaşinqtonun “yanaşmalarının yaxınlığı” yalnız təbliğat xarakteri daşıyıb, Vladimir Putin isə Pekində nəzərəçarpacaq və prinsipial resurs “toplaya bilməyib”.
Putinin “Ukrayna frustrasiyası” Ermənistanda parlament seçki kampaniyası dövrünə təsadüf edib. Moskvada Ermənistan seçkiləri Ukraynada “qələbə, yoxsa məğlubiyyət” sualı kontekstində qiymətləndirilir. Son günlər baş verən açıq hücumlar ciddi narahatlıq doğurur. Təəssüf ki, Ermənistan müxalifəti əsas missiyasını yerinə yetirmir və Ermənistan siyasi subyekti kimi çıxış etmir.
Bu vəziyyət Ermənistandakı mövcud hakimiyyətin üzərinə ikiqat məsuliyyət qoyur: yalnız suveren seçim hüququnu qorumaq deyil, həm də səsvermənin və seçkidən sonrakı mərhələnin sabitliyini təmin etmək, daxili sarsıntılara yol verməmək. Ukraynada döyüşənlər üçün “əlverişli şərait yaratmaq” məqsədilə Moskva İrəvanda “qayığı silkələməyə cəhd edə bilər”.
Aqil Məmmədov
Ordu.az