“Ordu sadəcə mühafizə xidmətinə çevrilib, hərbi təlimlər barədə çoxdan xəbər yoxdur” - Köçəryan

2026/05/1779367799.jpg
Oxunub: 412     23:17     24 May 2026    
Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan Paşinyan hakimiyyətinə qarşı sərt ittihamlarla çıxış edib.

Ordu.az xəbər verir ki, Köçəryan bu fikirləri İrəvanın Erebuni rayon sakinləri ilə görüş zamanı səsləndirib.

Köçəryan çıxışının əvvəlində iştirakçılara 2021-ci ilin may ayını təsəvvür etməyi təklif edib.

“Fərz edin ki, 2021-ci ilin may ayıdır, seçki kampaniyası gedir və Nikol Paşinyan deyir ki, hamınızı sevirəm, ürəklər paylayır, amma eyni zamanda bildirir ki, hər şey bahalaşacaq – nəqliyyat da, vergilər də, Qarabağı təhvil verəcəyik, Yerablurun ərazisini üç dəfə artıracağıq. Belə bir vəziyyətdə onun qalib gələcəyini təsəvvür etmək mümkündürmü? Bu siyasi komanda siyasi dələduzlardır. Xalqa bir söz deyib, tam əksini ediblər, dağıntılar və qurbanlar gətiriblər. Onlar hər şeyi ediblər ki, sözlərinin sıfır dəyərində olduğunu göstərsinlər”, - deyə o bildirib.

Köçəryan sakinlərə müraciətlə “Bir daha onlara səs verməyə hazırsınızmı?” sualını ünvanlayıb. Toplaşanlar isə “Yox” cavabını veriblər.

Sabiq prezident qeyd edib ki, son 8 ildə hakimiyyət dövlət borcunu 8 milyard dollar artırıb, lakin heç bir iri layihə həyata keçirməyib.

“Acapnyak metrosunu vəd edirdiniz, nəticə sıfırdır. İrəvanda tıxaclar problemə çevrilib. Yaşıllaşdırma vəd etmişdiniz, amma indi şəhərdə hava daha da çirklidir. Səkkiz ildir hakimiyyətdə olan komanda üçün bu, normal deyil”, - deyə Köçəryan vurğulayıb.

O, həmçinin “Linsi” fondunun vaxtilə 230 milyon dollar yardım ayırdığını və həmin vəsait hesabına İrəvanda çoxsaylı layihələrin həyata keçirildiyini xatırladıb.

“Bəs 8 milyard haradadır? Yeyiblər. Şən avtobusun içində bütün günü yeyə-yeyə 8 milyardı da bitirdilər. Təəccüblüdür ki, bunu həzm edə bilirlər. Qəbizlikləri yoxdur. Amma həmin qəbizlik 7 iyundan sonra, 8 iyunda başlayacaq. Bilirsiniz də, içinə su doldurulan bir cihaz var. Qəbizliyin yeganə müalicə vasitəsi odur. Müalicə edəcəyik. Pasiyentin müalicəyə ehtiyacı var”, - deyə o bildirib.

Köçəryan Ermənistanın təhlükəsizlik formulunun üç əsas prinsipdən ibarət olduğunu söyləyib: rəqabətədavamlı ordu, güclü lider və qüdrətli müttəfiq.

“Bu üç komponent bir-biri ilə bağlıdır. Əks halda hər şey düşmənin istəyindən asılı olur. Bu gün ordu sadəcə mühafizə xidmətinə çevrilib, hərbi təlimlər barədə çoxdan xəbər yoxdur. Güclü liderimiz varmı? Bu, rüsvayçılıqdır, əyilmiş, diz çökmüş, ölkəni biabır edən, sərxoş bir rəhbərlik. Güclü müttəfiqimiz varmı? Hər gün ardıcıl şəkildə həmin müttəfiqlə münasibətləri korlayırlar ki, sonra xalqa desinlər: “Çıxış yolumuz yoxdur, təkik, heç kim yanımızda deyil, ona görə də bütün tələblərə boyun əyməliyik”. Bu yolla ölkəni yalnız düşmən idarə edə bilər. Biz bunu rədd edirik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin