Ordu.az xəbər verir ki, o, bu barədə “Facebook” hesabında yaydığı müraciətdə bildirib.
Oskanyanın sözlərinə görə, bir çox ekspertlər Ermənistanın siyasi səhnəsini rusiyapərəst və avropayönlü qüvvələrə bölürlər.
Keçmiş erməni nazir hesab edir ki, bölgü ermənipərəst qüvvələr əsasında aparılmalıdır.
Onun fikrincə, ermənipərəst qüvvələr vəziyyəti realist qiymətləndirən, Ermənistanın maraqları baxımından düzgün mövqe tutan və buna uyğun proqramlar təqdim edən siyasi güclərdir.
"Digər tərəfdə isə özlərini avropayönlü adlandıran, əslində isə anti-Rusiya, rusofob və ruslarla bağlı hər şeyə nifrət edən qüvvələr dayanır. Məhz bu qüvvələr avropayönlü damğası ilə çıxış etməyə çalışırlar. Avropayönlü qüvvələrin mövcudluğu üçün Avropada hansısa qurum və ya mexanizm olmalıdır, lakin belə bir vasitə yoxdur. Ermənistan artıq Avropa Şurasının üzvüdür, Avropa İttifaqı ilə münasibətlər əvvəl “Şərq tərəfdaşlığı”, sonra isə CEPA vasitəsilə müəyyənləşdirilib. Mümkün olan hər şey çoxdan edilib və edilir, bundan artıq isə Avropa İttifaqı Ermənistan kimi ölkələrlə münasibətləri dərinləşdirmək üçün heç nə nəzərdə tutmayıb. Əksinə, son illərdə geriləmə müşahidə olunur", - deyə o qeyd edib.
Keçmiş erməni nazir bildirib ki, bu gün Aİ ilə münasibətlər dürüst və səmimi deyil: "Əvvəllər bu münasibətlər həqiqətən belə idi, amma indi hər iki tərəfin gizli məqsədləri var. Paşinyanın məqsədi kreslosunu qorumaq, Avropa İttifaqının məqsədi isə Paşinyandan və Ermənistandan anti-Rusiya siyasəti üçün istifadə etməkdir. Belə gizli məqsədlərə əsaslanan münasibətlərdə dialoq açıq, şəffaf və səmimi ola bilməz, tərəflər bir-birini istifadə etməyə çalışır və bu yalnız pis nəticə verəcək".
Oskanyan əlavə edib ki, Paşinyan həmişə diplomatiyadan uzaq olub və ilk gündən diplomatik bacarıqsızlıq nümayiş etdirib.
Alpər Mövludoğlu
Ordu.az