Tədbirlərdə Naxçıvan şəhər İcra Hakimiyyətinin, Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri və ictimaiyyətin nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərimizin məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəhidlərimizin həyat və xidmət yolundan, döyüş əməliyyatları zamanı göstərdikləri şücaət nümunələrindən bəhs edərək, onların igidliyinin gənc nəsil üçün nümunə olduğunu vurğulayıblar. Qeyd olunub ki, xalqımız və dövlətimiz şəhidlərimizin xatirəsini daim uca tutur və onların göstərdiyi qəhrəmanlıq gənc nəslə örnəkdir. Vurğulandı ki, qəhrəman Azərbaycan oğulları öz canları bahasına torpaqlarımızın azadlığını təmin edərək xalqımıza qələbə sevincini yaşadıblar.
Şəhidlərimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
* * *
Şəhid Ələsgər Əsgərov 12 may 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhəri Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə aldıqdan sonra Sumqayıt Dövlət Universitetində ali təhsil alıb.
Ələsgər Əsgərov 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Ələsgər Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
* * *
Şəhid Zülfü Rzayev 1993-cü il mayın 9-da Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1999-2007-ci illərdə Külüs kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. 2015-ci ildən Azərbaycan Ordusunun "N" hərbi hissəsində xidmətə başlayıb.
Şəhid zabit 2016-cı ilin Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub. O, Vətən müharibəsinin ilk günündə - 27 sentyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
* * *
Şəhid İman Alməmmədov 17 may 1999-cu ildə Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Orta təhsilini Kolanı və Babək rayonunun Vayxır kənd məktəblərində alıb. Hərbi xidmətdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edərək Füzuli, Xocavənd və Xocalının yaşayış məntəqələrinin azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib və 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
İman Alməmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
* * *
Şəhid Sahil Cəlilov 17 may 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kəndində anadan olub. Orta təhsilini Dərvişlər kənd tam orta məktəbində alan Sahil 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq orduda xidmətə başlayıb.
Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda başlayan Vətən müharibəsində iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüş əməliyyatlarında şücaət göstərib. O, 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Sahil Cəlilov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
* * *
Şəhid Kamal Əbilov 1996-cı ilin mayında Şərur rayonunun Oğlanqala kəndində dünyaya göz açıb. 2004-cü ildə Oğlanqala kənd tam orta məktəbində ilk təhsilinə başlayan Kamal 2011-ci ildə hərb sənətinin təməl biliklərinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
2014-cü ildə bu təhsil ocağını bitirən Kamal Əbilov Bakıya yollanıb. Burada indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olaraq kursant kimi təhsilini davam etdirib.
2018-ci ildə təhsil ocağını bitirən Kamal "N" hərbi hissəsində xidməti fəaliyyətə başlayıb. Leytenant Kamal Əbilov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və sentyabrın 30-da şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz Şərur şəhəri Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bəxtiyar Əliyev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi
Ordu.az