ABŞ ilə danışıqların hazırkı mərhələsi yalnız bütün cəbhələrdə müharibənin dayandırılmasına yönəlib

2026/05/1779535244.jpg
Oxunub: 427     15:10     23 May 2026    
İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Vaşinqtonla aparılan danışıqlarda əsas məqsəd bütün cəbhələrdə müharibənin dayandırılmasıdır.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmayıl Bəqayi dövlət televiziyasına açıqlamasında danışıb.

Onun sözlərinə görə, hazırkı diplomatik səylər yalnız müharibənin dayandırılmasına, o cümlədən Livandakı vəziyyətin tənzimlənməsinə, ABŞ-nin dəniz blokadası probleminin və Hörmüz boğazındakı vəziyyətin həllinə yönəlib.

Bəqayi bildirib ki, İran artıq iki dəfə bu cür danışıqlarda iştirak edib və qarşı tərəfin həddindən artıq tələbləri nəticədə müharibəyə səbəb olub.

“Biz bu təcrübəni görməzlikdən gələ bilmərik. İlk növbədə maraqlarımıza və narahatlıqlarımıza uyğun şərtlərlə müharibəyə son qoymalıyıq. Yalnız bundan sonra digər məsələlər barədə danışa bilərik”, - deyə o vurğulayıb.

İran XİN sözçüsü Qətərdən gələn nümayəndə heyətinin İranın xarici işlər naziri ilə görüş keçirdiyini təsdiqləyib.

Lakin o qeyd edib ki, danışıqlarda rəsmi vasitəçi hələ də Pakistandır.

Bəqayi bildirib ki, İranın nüvə proqramı ilə bağlı mövqeyi aydındır və Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olaraq dinc nüvə enerjisindən istifadə hüququna malikdir.

Onun sözlərinə görə, nüvə danışıqlarının əvvəlki mərhələləri qarşı tərəfin əsassız tələbləri səbəbindən iflasa uğrayıb və nəticədə İran əleyhinə “cinayətlər və təcavüz” baş verib.

Bəqayi mövcud vəziyyəti dönüş nöqtəsi adlandırıb və pakistanlı yüksək vəzifəli şəxslərin Tehrana səfər etdiyini qeyd edib.

Bununla yanaşı, o, sürətli dəyişikliklər gözləməməyə çağırıb.

“Razılaşmanın yaxın olduğunu deyə bilmərik. Bu mütləq belə olmalıdır anlamına gəlmir. İran və ABŞ arasında fikir ayrılıqları dərin və çoxsaylıdır. Diplomatiya zaman tələb edir”, - deyə İran XİN sözçüsü bildirib.

O əlavə edib ki, həm regionda, həm də regiondan kənarda yerləşən çoxsaylı ölkələr müharibənin başa çatmasına və eskalasiyanın qarşısının alınmasına dəstək vermək üçün çalışırlar.

“Bu səylər bizim üçün çox önəmlidir”, - deyə Bəqayi vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin