Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Təchizat Proqramı Administrasiyası məlumat yayıb.
Məlumata görə, sistemlər ölkənin “Aegis” esmines parkında istifadə olunacaq və onların 2034-cü ilə qədər tam əməliyyat xidmətinə qəbul edilməsi planlaşdırılır.
Müdafiə Layihələrinin Təqdimatı Komitəsi tərəfindən təsdiqlənən proqram çərçivəsində SM-6 önləyici raketləri və əlaqəli avadanlıqlar alınacaq.
Bu addımla Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin gəmi əleyhinə ballistik raketlərə, qanadlı raketlərə və döyüş təyyarələrinə qarşı müdafiə imkanlarının artırılması hədəflənir.
Rəsmi adı RIM-174 “Standard Extended Range Active Missile” olan SM-6 ABŞ-nin ən qabaqcıl dəniz əsaslı hava müdafiə önləyicilərindən biri hesab olunur. Sistemin təxminən 460 kilometr mənzilə və 36 kilometr nişanalma hündürlüyünə malik olduğu bildirilib.
SM-6-nın əvvəlki “Standard Missile” variantları ilə müqayisədə daha geniş təhdid spektrinə qarşı effektiv olduğu qeyd olunur. Sistemin ən mühüm xüsusiyyətlərindən biri aktiv radar axtarış başlığına malik olmasıdır. Bu xüsusiyyət sayəsində raket son mərhələdə hədəfi müstəqil şəkildə izləyib məhv edə bilir və onu buraxan gəmidən davamlı yönləndirmə tələb etmir.
Beləliklə, bir döyüş gəmisi eyni vaxtda çoxsaylı təhdidlərə qarşı nişanalma həyata keçirə bilir. SM-6 həmçinin ballistik raketləri son mərhələdə vurmaq qabiliyyətinə malikdir və bu xüsusiyyət əvvəllər əsasən yerüstü sistemlərə aid imkanların dəniz platformalarına daşınması kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, Seulun SM-6 qərarı regiondakı təhlükəsizlik mühiti ilə birbaşa bağlıdır. Şimali Koreya son illərdə xüsusilə hərəkətdə olan dəniz hədəflərinə qarşı istifadə edilən gəmi əleyhinə ballistik raketlərə ciddi sərmayə yatırıb.
Bununla yanaşı, Çinin hazırladığı DF-21D və DF-26 sistemləri Qərb analitikləri tərəfindən “aviadaşıyıcı qatili” kimi xarakterizə olunur. Bu səbəbdən Cənubi Koreyanın “Aegis” esmineslərinə uzaqmənzilli ballistik raketdən müdafiə qabiliyyəti qazandırmasının ölkənin regional raketdən müdafiə arxitekturasındakı rolunu gücləndirəcəyi qeyd edilir.
SM-6 sistemlərinin üç döyüş gəmisində yerləşdirilməsi planlaşdırılır. Bu çərçivədə bu il xidmətə qəbul ediləcək 8 min 200 tonluq ROKS “Dasan Jeong Yakyong” esminesi və eyni sinfə aid ROKS “Daeho Kim Jong Seo” gəmisinin həmin raketlərlə təchiz olunacağı açıqlanıb.
Hazırda xidmətdə olan ROKS “Jeongjo the Great” esminesinin isə gələcək modernləşdirmə proqramı çərçivəsində SM-6 sisteminə inteqrasiya ediləcəyi bildirilib.
ABŞ administrasiyası Cənubi Koreyaya maksimum 38 ədəd SM-6 raketinin satışını 2023-cü ilin noyabrında təsdiqləmiş və proqramın ümumi xərcinin təxminən 650 milyon dollar ola biləcəyini açıqlamışdı.
Lakin son təsdiqlə ayrılan 352 milyon dollarlıq büdcə yekun təchizat paketinin ilkin planlaşdırılandan daha məhdud ola biləcəyini göstərir. Təhvil qrafikində də dəyişiklik edildiyi və əvvəlcə 2031-ci ilə planlaşdırılan prosesin 2034-cü ilə qədər uzadıldığı qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az