Ordu.az xəbər verir ki, Sudan ordusu mayın 23-də “Bayraktar” AKINCI zərbə PUA-sı vasitəsilə düşmən PUA-sını məhv edib.
Məlumata görə, Sudan Silahlı Qüvvələrinə məxsus “Bayraktar” AKINCI “hava-hava” raketi buraxaraq hədəfi məhv edib.
“Defence Turk”un məlumatına əsasən, AKINCI zərbə PUA-sı bu atışı ROKETSAN tərəfindən hazırlanmış EREN Yüksək Sürətli Çoxməqsədli “Gəzən Sursat” ilə həyata keçirib və “hava-hava” nişanalması nəticəsində hədəfi vurub.
“Clash Report”un məlumatına görə, Sudan ordusuna məxsus “Bayraktar” AKINCI-dan buraxılan EREN sursatı ilə vurulan hava vasitəsi Efiopiyadan havaya qalxıb.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi RSF terror qruplaşması üçün Efiopiya mühüm mərkəz olaraq qalır. Qeyd olunub ki, EREN sistemi zərbə PUA-ları, helikopterlər, quru nəqliyyat vasitələri, yerüstü sistemlər və insansız dəniz platformalarından istifadə edilə bilir.
Sistem aşağı sürətli hava hədəflərinə, zirehli və zirehsiz yerüstü hədəflərə, həmçinin canlı qüvvəyə qarşı istifadə üçün nəzərdə tutulub. EREN-in üstün idarəetmə qabiliyyəti, uzun müddət havada qalması və 100 kilometrdən çox mənzilə malik olması ilə bu sahədə mühüm ehtiyacı qarşıladığı bildirilib.
Sistemin uçuş müddəti 60 dəqiqə, uzunluğu 2,6 metr, çəkisi isə 60 kiloqramdır. İdarəetmə sistemi ətalətli naviqasiya sistemi, görüntüləyici infraqırmızı axtarış başlığı və qlobal peyk naviqasiya sistemi kombinasiyasına əsaslanır. Sursat yüksək partlayıcı və qəlpə təsirli döyüş başlığı ilə təchiz olunub.
Sevinc Əliyeva
Ordu.az