Kolumbiyada yerli xalqlar arasında baş verən mübahisədə 7 nəfər ölüb

2026/05/1779528360.jpg
Oxunub: 382     13:15     23 May 2026    
Kolumbiyada yerli xalqlar arasında torpaq mübahisəsi zəminində baş verən qanlı toqquşmalar nəticəsində 7 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, misak və nasa xalqları arasında qarşıdurma cümə axşamı Kolumbiyanın cənub-qərbində yerləşən Kauka bölgəsində baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, ölənlərdən dördü misak xalqının, ikisi nasa xalqının nümayəndəsidir. Daha bir nəfərin kimliyi isə hələ müəyyən edilməyib.

Bölgə qubernatorunun mətbuat katibi bildirib ki, toqquşmalar nəticəsində 110 nəfər yaralanıb.

Qeyd olunub ki, Misak icmasının üzvləri icma lideri və Silviya bələdiyyəsinin kənd ərazisində yerləşən yerli rezervasiyanın rəhbəri Luis Enrikenin cəsədi onlara təhvil verilərkən göz yaşları içində olublar.

Sosial şəbəkələrdə yayılan videolarda taxta və daşlardan istifadə edilən şiddətli qarşıdurmalar, qan içində yerdə uzanan insanlar və bəzi şəxslərin əlində ov tüfəngləri əks olunub.

Bildirilib ki, ordu bölgəyə əlavə qüvvələr yerləşdirib.

Kauka bölgəsində yerli xalqların torpaqlarında qanunsuz koka plantasiyalarının geniş yayıldığı və bölgənin mütəmadi olaraq adam oğurluqları ilə partizan qruplarının hücumlarının hədəfinə çevrildiyi qeyd olunub.

Kolumbiyada yerli xalqlar arasında torpaq mübahisələrinin adi hal olduğu, lakin onların nadir hallarda ölümcül toqquşmalarla nəticələndiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Mübahisə  


Bizi "telegram"da izləyin