Ordu.az xəbər verir ki, mübahisəli və sıx hava hücumundan müdafiə mühiti olan ərazilərdə yüksək dəyərə malik hədəflərə qarşı istifadə üçün hazırlanan “Sahara”nın 55 kiloqram uçuş çəkisinə və 10 kiloqram faydalı yük daşıma qabiliyyətinə malik olduğu açıqlanıb.
Məlumata görə, raketin süni zəka dəstəkli arxitekturası hədəfin müəyyən edilməsi, son mərhələ yönləndirmə və uçuş zamanı marşrut yeniləmələri kimi sahələrdə maşın öyrənməsi və kompüter görməsi texnologiyalarından istifadə edir.
Turboreaktiv mühərriklə işləyən sistemin təxminən 20 kiloqram yanacaq daşıdığı və bunun sayəsində 200 kilometrədək mənzilə çata bildiyi bildirilib.
Şirkət “Sahara”nı yalnız sursat deyil, yönləndirmə, proqram təminatı, elektron infrastruktur və uçuş idarəetmə sistemlərini vahid strukturda birləşdirən inteqrasiya olunmuş silah sistemi kimi təqdim edir.
Aşağı hündürlükdə uçuş qabiliyyəti də diqqət çəkir. Təxminən 50 metr hündürlükdə uçuş edə bilən “Sahara”nın relyefi izləyərək radar görünürlüğünü azalda bildiyi və hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün yer səthinin qarışıqlığından yararlandığı qeyd olunub.
“The Defence Blog”un qiymətləndirməsinə görə, bu uçuş profili Fransa-Böyük Britaniya birgə istehsalı olan “Storm Shadow/SCALP” qanadlı raket ailəsində görülən klassik qanadlı raket konsepsiyasına bənzəyir.
Daha əvvəl yayılan məlumata əsasən, “Oves Enterprise” “Sahara” layihəsinin araşdırma və inkişaf işləri üçün 1 milyon avrodan çox, yəni təxminən 1,1 milyon dollar sərmayə yatırıb və layihə çərçivəsində 25 nəfərlik mütəxəssis heyət formalaşdırıb.
Açıqlanan məbləğin ümumi inkişaf xərci olduğu, raketin vahid istehsal maya dəyəri barədə isə məlumat verilmədiyi qeyd olunub.
Bununla yanaşı, sistemin son uçuş sınaqları, sertifikatlaşdırma prosesi və Rumıniya Silahlı Qüvvələri tərəfindən mümkün təchizat planları ilə bağlı detallar hələ açıqlanmayıb. İxrac potensialına dair də rəsmi məlumat yoxdur.
Sevinc Əliyeva
Ordu.az