Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, həmkarlar ittifaqları və yerli xalqların qrupları ölkə prezidenti Rodriqo Pasın istefasını tələb edir. Biznes dairələrinin dəstəklədiyi mühafizəkar prezidentin istefa çağırışlarının davam etdiyi bildirilib.
Bu, bir həftə ərzində La-Pasda baş verən ikinci genişmiqyaslı toqquşma olub. Şəhərin mərkəzində bir çox müəssisə və mağaza əvvəlki etiraz aksiyalarında yaşanan hadisələrin təkrarlanacağından ehtiyat edərək fəaliyyətini dayandırıb.
Fermerlər, fəhlələr, mədənçilər, nəqliyyat işçiləri və müəllimlərdən ibarət etirazçılar şəhər küçələrində yolları bağlayaraq “O istefa verməlidir” şüarları səsləndiriblər. Rodriqo Pas altı ay əvvəl ölkədə 1980-ci illərdən etibarən ən ağır iqtisadi böhran fonunda hakimiyyətə gəlib.
Böhran yanacaq və xarici valyuta çatışmazlığı, eləcə də sürətli inflyasiya ilə müşayiət olunur. Dəbilqə və ponço geyinmiş nümayişçilər, bir çoxu yerli xalqların göyqurşağı rəngli bayraqlarını daşıyaraq, fişəng və partlayış səsləri altında şəhər mərkəzinə doğru irəliləyiblər.
Etirazçılar xüsusi təyinatlılara daş və taxta parçaları atıb, polis isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib və hökumət binalarına gedən yolları bağlayıb. Daha sonra şəhərdə vəziyyətin nisbətən sakitləşməsindən sonra yüzlərlə sakin mərkəzdə yürüş keçirərək şəhəri iflic edən blokadaya etiraz edib.
Boliviya hökuməti şənbə səhərindən etibarən yolları açmaq və La-Pasda yaranan ərzaq, dərman və yanacaq çatışmazlığını aradan qaldırmaq üçün polis və hərbçilərin iştirakı ilə xüsusi əməliyyata başlayacağını açıqlayıb.
La-Pasın əsasən yerli xalqların yaşadığı və müxalifətin əsas dayağı hesab olunan El-Alto ətraf rayonunda etirazçılar qısa müddətə şəhərin əsas beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
Prezident etiraz dalğasını azaltmaq məqsədilə ictimaiyyət arasında nüfuzu zəif olan əmək nazirini vəzifədən azad edib və mədənçilərlə digər qruplara dövlət siyasətinin formalaşdırılmasında daha çox rol vəd edib.
Lakin bu addımların gözlənilən nəticəni vermədiyi qeyd olunur. Nümayişçilər La-Pasa gedən yolları bağlamağa davam edir və nəticədə şəhərdə ərzaq, dərman və yanacaq qıtlığı yaranıb.
Sevinc Əliyeva
Ordu.az