Rusiya müxalif fəal Qari Kasparov barəsində beynəlxalq axtarış elan edib

2026/05/1779525213.jpg
Oxunub: 355     12:27     23 May 2026    
Rusiya hüquq-mühafizə orqanları şahmatçı və müxalif fəal Qari Kasparov barəsində beynəlxalq axtarış elan edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, Kasparov terrorizmi əsaslandırmaq və “xarici agent” fəaliyyəti qaydalarını iki dəfə pozmaq ittihamı ilə qiyabi şəkildə həbs edilib.

Sənədlərdə bildirilib ki, Qari Kasparova Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (internet üzərindən terrorizmi əsaslandırma) və 330.1-ci maddəsinin 2-ci hissəsi (“xarici agent” fəaliyyəti qaydalarının pozulması) üzrə ittiham irəli sürülüb.

Kasparov barəsində federal və dövlətlərarası axtarış elan olunduğu, həmçinin beynəlxalq axtarış qərarının verildiyi qeyd edilib. 2025-ci il dekabrın 22-də Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Kasparovun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Bu müddətin onun Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi və ya Rusiya ərazisində faktiki saxlanıldığı andan hesablanacağı bildirilib. İlkin olaraq Kasparova yalnız terrorizmi internet vasitəsilə açıq şəkildə əsaslandırma maddəsi ilə ittiham irəli sürülmüşdü.

Bu maddə üzrə beş ildən yeddi ilə qədər həbs və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə cəzası nəzərdə tutulur. Daha sonra ona “xarici agent” fəaliyyəti qaydalarını pozmaqla bağlı daha iki ittiham əlavə olunub.

Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin mayında “xarici agentlər” siyahısına daxil etmişdi. Səbəb kimi onun siyasi fəaliyyətlə məşğul olması göstərilmiş, xarici maliyyə mənbələri kimi isə Ukrayna və ABŞ-də yerləşən “Human Rights Foundation” təşkilatı qeyd olunmuşdu.

Kasparov hazırda Rusiya hüdudlarından kənarda yaşayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kasparov  


Bizi "telegram"da izləyin