Ordu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
AFP agentliyinin Tir şəhərindəki müxbiri iki güclü partlayış səsinin eşidildiyini bildirib.
Məlumata görə, mərmilər əvvəlcə şəhərətrafı əraziyə, daha sonra isə şəhərin mərkəzində yerləşən binalardan birinə ardıcıl zərbələr endirib.
Hücumdan sonra ərazi sıx tüstü buludu ilə örtülüb.
Zərbələrdən əvvəl mülki müdafiə xilasediciləri və yerli polis əməkdaşları səsgücləndiricilər vasitəsilə məhəllələri gəzərək sakinləri dərhal ərazini tərk etməyə çağırıblar.
Eyni zamanda İsrail ordusunun rəsmi nümayəndəsi təxliyə ilə bağlı iki təcili xəbərdarlıq yayımlayıb.
İsrail Müdafiə Qüvvələri Tir şəhərinin iki məhəlləsinin sakinlərinə də evlərini tərk etmələri barədə göstəriş verildiyini açıqlayıb.
Bildirilib ki, həmin ərazilər “Hizbullah”a məxsus obyektlərin yaxınlığında yerləşir və İsrail ordusu burada əməliyyat keçirməyə hazırlaşır.
Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, cümə günü baş verən hücumlarda ölənlər arasında altı xilasedici və bir uşaq da var.
Bundan əvvəl cümə günü Livanın cənubundakı Hanavey şəhərinə endirilən zərbə nəticəsində İslam Sağlamlıq Komitəsinin dörd xilasedicisi həyatını itirmişdi.
İsrail hərbi komandanlığı isə həmin gün səhər saatlarında sərhəd bölgəsində iki nəfərin öldürüldüyünü açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az