Ordu.az xəbər verir ki, bu qiymətləndirmələr ölkədə müdafiə imkanları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Böyük Britaniya hərbi rəsmiləri xüsusilə Ukrayna müharibəsinin ortaya çıxardığı yeni döyüş konsepsiyaları səbəbindən pilotsuz uçuş aparatı istehsalı, sursat ehtiyatı və müdafiə sənayesi infrastrukturunun sürətlə genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Böyük Britaniyanın rəhbərlik etdiyi NATO Müttəfiq Sürətli Reaksiya Korpusunun komandanı general-leytenant Mayk Elviss bildirib ki, Rusiya 2030-cu ilə qədər Avropa üçün ciddi təhlükəyə çevrilə bilər.
Onun sözlərinə görə, 2030-cu il Moskva mənşəli təhlükənin ən yüksək səviyyəyə çatacağı dövr ola bilər. Elviss qeyd edib ki, modernləşdirilmiş texnologiyalar və yüksək hazırlıq səviyyəsi yalnız indidən ediləcək investisiyalar hesabına mümkün olacaq.
“Yalnız sursat ehtiyatları deyil, müharibə dövründə istehsalı genişləndirə biləcək milli sənaye gücü də yaradılmalıdır”, - deyə o vurğulayıb. Məlumata görə, Böyük Britaniya Quru Qoşunlarının inventarında təxminən 6 min pilotsuz uçuş aparatı mövcuddur.
Lakin hərbi rəsmilər bu sayın böyükmiqyaslı müharibə üçün kifayət etmədiyini bildirirlər.
Qeyd olunub ki, Ukrayna gündəlik təxminən 9 min pilotsuz uçuş aparatı istifadə edir, Kiyev isə aylıq təxminən 30 min Rusiya pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.
Bu göstəricilər fonunda Böyük Britaniyanın mövcud ehtiyatlarının Ukraynadakı istifadə intensivliyi səviyyəsində cəmi bir neçə gün ərzində tükənə biləcəyi qiymətləndirilir. Böyük Britaniya ordusu və NATO qüvvələri mümkün Rusiya-NATO münaqişəsi ssenarilərinə uyğun diqqətçəkən təlim də keçirib.
Londondakı istifadəsiz Jubilee metro xəttinin platforması NATO komanda mərkəzinə çevrilərək Estoniyanın 2030-cu ildə Rusiya tərəfindən işğal olunduğu ssenari əsasında döyüş oyunu icra edilib.
“Exercise Arrcade Strike” adlı təlimə Böyük Britaniya, ABŞ, Fransa və İtaliyadan hərbçilər qatılıb. Təlim çərçivəsində təxminən 20 min hərbçinin əməliyyat fəaliyyəti idarə olunub.
Rəsmilər Ukrayna müharibəsində uzaqmənzilli raket və pilotsuz uçuş aparatı hücumlarının ön plana çıxması səbəbindən komanda mərkəzlərinin artıq yeraltı obyektlərdə yerləşdirilməsinin vacib olduğunu bildirirlər.
Təlimdə “Asgard” adlı prototip süni zəka sistemi də sınaqdan keçirilib. Sistemin hədəf planlaşdırılması, qərarvermə və hücum koordinasiya proseslərini sürətləndirdiyi qeyd olunub.
NATO Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı general Aleksus Qrinkeviç bildirib ki, müasir müharibə sürətlə dəyişir və bu dəyişikliklərə rəqiblərdən daha tez uyğunlaşa bilməmək çəkindirmə imkanlarını risk altına sala bilər.
Sevinc Əliyeva
Ordu.az