Ordu.az xəbər verir ki, bununla yüksək sürətli katerin izlənməsi həyata keçirilib.
Rota şəhərində keçirilən taktiki uçuş sınaqları zamanı fərqli platformaların vahid döyüş idarəetmə sisteminə inteqrasiyasını təmin edən “Airbus Helicopters”in “HTeaming” texnologiyasından istifadə olunub.
Məlumata görə, bu texnologiya ilk dəfə belə geniş miqyasda təsdiqlənib.
Təlim çərçivəsində “Rayo” dəniz patrul gəmisi, İspaniya donanmasına məxsus H135 helikopteri, “Airbus” istehsalı “Flexrotor” sabitqanadlı pilotsuz uçuş aparatı və “Alpha Unmanned Systems” tərəfindən hazırlanmış A900 dönərqanadlı pilotsuz uçuş aparatı vahid məlumat şəbəkəsinə qoşulub.
Yaradılan çoxsahəli əməliyyat bağlantısı sayəsində patrul gəmisi öz radar və sensor mənzilindən daha uzaq bölgələrdən gələn real vaxt məlumatlarına birbaşa çıxış əldə edib.
Əməliyyat zamanı hər iki pilotsuz uçuş aparatı hərəkətdə olan gəminin göyərtəsindən qalxış və eniş həyata keçirib. H135 helikopterindəki pilot uçuş zamanı “Airbus Helicopters”in “HTeaming” sistemi ilə təchiz olunmuş planşet vasitəsilə pilotsuz uçuş aparatlarını idarə edib.
Sınaqlar sistemin fərqli istehsalçılara məxsus platformalarla uyğun işləyə bildiyini göstərib. ISTAR (kəşfiyyat, müşahidə, hədəf aşkarlama və tanıma) birgə əməliyyat ssenarisində yüksək sürətli katerin izlənməsi canlandırılıb. “Flexrotor” və A900 pilotsuz uçuş aparatları müəyyən edilmiş hədəfi fasiləsiz izləyərək canlı görüntüləri eyni vaxtda həm helikopterə, həm də gəmiyə ötürüblər.
Əldə edilən məlumatlar “Navantia” tərəfindən hazırlanmış NAIAD sistemi vasitəsilə İspaniya donanmasının standart SCOMBA döyüş idarəetmə sisteminə inteqrasiya olunub.
Sevinc Əliyeva
Ordu.az