Ordu.az xəbər verir ki, şirkətin bu vəziyyətə düşməsinə Ukraynanın hücumları, Qərb sanksiyaları və ixrac bazarlarının itirilməsi səbəb olub.
Məlumata görə, Stavropol şəhərində yerləşən “Monocrystal” kreditorlarına Stavropol Vilayəti Arbitraj Məhkəməsinə iflas müraciəti etmək niyyətində olduğunu bildirib. “Energomera” sənaye qrupunun tərkibində fəaliyyət göstərən şirkət uzun illər dünyanın ən böyük sintetik sapfir istehsalçılarından biri hesab olunurdu.
Şirkətin məhsulları yalnız istehlak elektronikası sahəsində deyil, həm də Rusiya raketləri və pilotsuz uçuş aparatlarında istifadə olunan optik sistemlərdə mühüm rol oynayırdı. Sintetik sapfir yüksək temperaturda alüminium oksid kristallarının yetişdirilməsi ilə əldə edilən, yüksək davamlılığa və optik dəqiqliyə malik material kimi tanınır.
Bu material xüsusilə raketlərin axtarış başlıqlarının qorunmasında, lazer məsafəölçənlərdə, infraqırmızı sensorlarda və həssas elektron komponentlərdə istifadə olunur. Ekspertlər bildirirlər ki, kifayət qədər keyfiyyətli sintetik sapfir istehsal olunmaması müasir idarəolunan sursatların istehsalına birbaşa təsir göstərə bilər.
Şirkət 2022-ci ildə qlobal sintetik sapfir bazarının təxminən üçdə birinə nəzarət edirdi. Lakin müharibənin sonrakı mərhələlərində “Monocrystal”ın istehsal infrastrukturu Ukraynanın uzaqmənzilli hücumlarının hədəfinə çevrilib. 2023-cü ildə Belqorod bölgəsinin Şebekino müəssisəsinə pilotsuz uçuş aparatı hücumları nəticəsində istehsal binaları və elektrik infrastrukturu zərər görüb.
2025-ci ilin avqustunda isə Stavropoldakı əsas istehsal müəssisəsinə təşkil edilən hücum zamanı yanğın baş verdiyi bildirilib.
Qeyd olunub ki, fiziki zərərlə yanaşı, Qərb sanksiyaları da şirkətin fəaliyyətinə ciddi təsir göstərib.
Sanksiyalar səbəbindən istehsalda istifadə olunan xüsusi kimyəvi maddələrə və cilalama materiallarına çıxış çətinləşib, Avropa bazarının itirilməsi isə şirkətin valyuta gəlirlərini ciddi şəkildə azaldıb. Məlumata görə, 2025-ci ilin sonuna olan vəziyyətə əsasən, “Monocrystal”ın qısamüddətli öhdəlikləri dövriyyə aktivlərini təxminən 50,6 milyon dollar üstələyib.
Şirkətin ümumi aktivləri bir il ərzində 215,5 milyon dollardan 182,5 milyon dollara düşüb, qısamüddətli borcları 70,7 milyon dollara, uzunmüddətli borcları isə 129 milyon dollardan yuxarı qalxıb. Eyni dövrdə əməkdaşların sayı 1087 nəfərdən 524 nəfərə enib.
Rusiyanın biznes dairələri şirkət üçün ən real ssenarinin tam ləğv deyil, yenidən strukturlaşdırma, dövlət müdaxiləsi və ya yeni investora satılma olduğunu bildirirlər. Lakin mütəxəssislər “Monocrystal”ın malik olduğu istehsal infrastrukturu, peşəkar kadr bazası və texniki təcrübənin qısa müddətdə başqa struktur tərəfindən əvəz edilməsinin olduqca çətin olduğunu vurğulayırlar.
Ekspertlərin fikrincə, şirkətin istehsal imkanlarının tam itirilməsi Rusiyanın həssas optik komponentlər üzrə müdafiə sənayesi təchizat zəncirində ciddi boşluq yarada bilər. Xüsusilə müharibə dövründə yüksək istehsal tempi ilə davam edən raket və pilotsuz uçuş aparatı proqramlarının bundan təsirlənə biləcəyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az