“Embraer” Yunanıstanla C-390 satışı öncəsi strateji əməkdaşlıq sazişi imzalayıb

2026/05/1779515690.jpg
Oxunub: 458     09:50     23 May 2026    
Braziliyanın “Embraer” şirkəti Yunanıstanın aparıcı müdafiə sənayesi müəssisəsi olan “Hellenic Aerospace Industry” (HAI) ilə strateji əməkdaşlıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, saziş Yunanıstan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılan C-390 “Millennium” hərbi nəqliyyat təyyarələrinin texniki xidmət, təmir və əməliyyat dəstəyi imkanlarının Yunanıstanda inkişaf etdirilməsini nəzərdə tutur.

“Embraer Defense & Security” ilə HAI arasında imzalanan anlaşma memorandumu “Embraer”in Müdafiə və Təhlükəsizlik üzrə müqavilələrə cavabdeh vitse-prezidenti Fabio Kaparika və HAI İdarə Heyətinin sədri Aleksandros Diakopulos tərəfindən imzalanıb.

HAI rəhbəri Aleksandros Diakopulos bildirib ki, bu memorandum yalnız biznes sazişi deyil, həm də şirkətin Avropada qlobal aviasiya şirkətləri üçün etibarlı tərəfdaş olmaq potensialını nümayiş etdirir.

Onun sözlərinə görə, Yunanıstanda C-390 üçün texniki xidmət və dəstək imkanlarının yaradılması həm Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılayacaq, həm də ölkə üçün uzunmüddətli sənaye bazası formalaşdıracaq.

Fabio Kaparika isə HAI ilə uzun illərdir əməkdaşlıq etdiklərini və şirkətin işçi heyətinin peşəkarlığına böyük hörmətlə yanaşdıqlarını bildirib.

Qeyd edək ki, C-390 “Millennium” çoxməqsədli imkanları, yüksək yükdaşıma qabiliyyəti, sürəti və əməliyyat səmərəliliyi ilə yeni nəsil hərbi nəqliyyat təyyarəsi hesab olunur.

Yunanıstan köhnəlmiş C-130 parkını yeniləmək məqsədilə C-390 platformalarını qiymətləndirən ölkələr sırasındadır. Məlumata görə, bu memorandum “Embraer”in Avropa bazarındakı mövqeyini gücləndirmə strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Embraer   Yunanıstan  


Bizi "telegram"da izləyin