“Türk Yıldızları”nın da iştirak edəcəyi “Air Tattoo” aviaşousu ləğv edilib

2026/05/1779515637.jpg
Oxunub: 622     09:48     23 May 2026    
Dünyanın ən böyük aviasiya tədbirlərindən biri hesab olunan “Air Tattoo” (RIAT) aviaşousu ləğv olunub.

Ordu.az xəbər verir ki, builki tədbirdə “Türk Yıldızları” aviasiya qrupu da iştirak etməli idi.

Məlumata görə, 111-ci eskadrilyaya məxsus F-4E 2020 döyüş təyyarəsinin də statik nümayiş sahəsində sərgilənməsi planlaşdırılırdı.

Təşkilat komitəsinin açıqlamasında qərarın Yaxın Şərqdə mövcud vəziyyətlə əlaqədar olaraq Kral Hərbi Hava Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələri ilə aparılan danışıqlardan sonra qəbul edildiyi bildirilib.

Xüsusilə tədbirin keçirilməsi planlaşdırılan RAF Fairford bazasına girişlə bağlı yaranmış qeyri-müəyyənliyin qərara təsir etdiyi qeyd olunub.

Təşkilat komitəsi bilet sahiblərinin RIAT26 biletləri ilə bağlı may ayının sonunadək elektron poçt vasitəsilə məlumatlandırılacağını açıqlayıb.

Qeyd edək ki, tədbirin 2026-cı il iyulun 17-dən 19-dək Britaniyanın Qlosterşir bölgəsində yerləşən RAF “Fairford” bazasında keçirilməsi planlaşdırılırdı.

Hər il təxminən 150-200 min ziyarətçini qəbul edən və “aviasiyanın olimpiadası” adlandırılan RIAT-a 200-dən çox təyyarə və helikopter qatılır.

RIAT yalnız aviaşou deyil, həm də ölkələrin hərbi aviasiya imkanlarını nümayiş etdirdiyi və müdafiə diplomatiyasının mühüm platformalarından biri hesab olunur.

Tədbir çərçivəsində müxtəlif ölkələrin akrobatika qrupları, müasir döyüş təyyarələri və tarixi hava vasitələri nümayiş etdirilir.

Qeyd olunub ki, “Türk Yıldızları” 17 ildən sonra İngiltərəyə səfər edərək “Air Tattoo”da uçuş həyata keçirməli idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türk-Yıldızlar   Air-Tattoo  


Bizi "telegram"da izləyin