Ordu.az xəbər verir ki, açıqlama Alabama ştatının Troy şəhərində inşa ediləcək “Munitions Production Center Building 47” adlı yeni sursat istehsalı müəssisəsinin təməlqoyma mərasimindən sonra verilib.
Məlumata görə, yeni müəssisənin əsas məqsədi THAAD önləyici raketlərinin istehsal imkanlarını artırmaqdır.
ABŞ Müharibə Nazirliyinin Satınalma və Təchizat üzrə müavini Maykl P. Daffi bildirib ki, layihə yalnız yeni müəssisə investisiyası deyil, həm də ABŞ müdafiə sənayesində yeni istehsal modelinə keçidi ifadə edir.
“Bu gün Alabama ştatının Troy şəhərində strateji bəyanatları konkret addımlara çeviririk. “Building 47” ilə azadlığın arsenalını fiziki olaraq qururuq”, - deyə o qeyd edib.
Daffi açıqlayıb ki, yanvar ayında “Lockheed Martin”lə THAAD və PAC-3 istehsalı üzrə çərçivə sazişləri imzalanıb.
Yeni modelə əsasən dövlət uzunmüddətli sursat alışı zəmanəti verir, şirkətlər isə istehsal müəssisələrinin genişləndirilməsini öz vəsaitləri hesabına həyata keçirirlər.
“Əvvəlki modeli tamamilə tərk etdik. Dövlət artıq zavod tikintisi üçün birbaşa qrant ayırmır. Əvəzində sursat alışı zəmanəti təqdim edir, şirkətlər isə istehsal imkanlarının genişləndirilməsi xərclərini qarşılayır”, - deyə Daffi bildirib. Yeni model çərçivəsində THAAD istehsalının dörd dəfə, PAC-3 istehsalının isə üç dəfə artırılması planlaşdırılır.
“Lockheed Martin”in İdarə Heyətinin sədri və baş icraçı direktoru Cim Tayklet şirkətin 2030-cu ilə qədər sursat istehsal imkanlarını artırmaq üçün 8-9 milyard dollar həcmində investisiya planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, yalnız Troy müəssisəsinə qarşıdakı illərdə 900 milyon dollardan 1,1 milyard dollara qədər investisiya yatırılacaq.
Tayklet bildirib ki, yeni müəssisə mövcud istehsal imkanlarını təxminən iki dəfə artıracaq və rəqəmsal istehsal idarəetməsi ilə süni zəka dəstəklı proseslər sayəsində THAAD istehsal həcmi dörd dəfə yüksələcək.
ABŞ Müharibə Nazirliyinin yalnız THAAD və PAC-3 deyil, daha geniş sursat portfeli üzrə də istehsal artımını planlaşdırdığı qeyd olunub.
Daffi bildirib ki, istehsalın artırılması nəzərdə tutulan sistemlər arasında “Tomahawk” qanadlı raketi, Precision Strike Missile və AIM-120 AMRAAM “hava-hava” raketi də yer alır.
Məlumata görə, “Lockheed Martin” Dallas şəhərində 150-dən çox tədarükçünün iştirak etdiyi “Mühimmat Sürətləndirmə Tədarükçü Konfransı” təşkil edib və alt podratçıların da bu istehsal modelinə daxil edilməsi üzərində çalışır.
“Heç kim yavaşlamır, heç kim gözləmir”, - deyə Tayklet bildirib. Şirkətin yeni istehsal modelində rəqəmsal istehsal idarəetməsi alətləri və süni zəka tətbiqlərindən fəal şəkildə istifadə etdiyi açıqlanıb.
ABŞ Müharibə Nazirliyinin də müdafiə tədarük proseslərində rəqəmsallaşmanı sürətləndirdiyi və istehsal artımının real vaxt rejimində izlənilməsini hədəflədiyi qeyd olunub.
Rəsmilər yeni modelin gələcəkdə radar sistemləri kimi digər müdafiə proqramlarında da tətbiq oluna biləcəyinə işarə ediblər.
Sevinc Əliyeva
Ordu.az