Ordu.az xəbər verir ki, “Building 47” adlandırılan yeni istehsal mərkəzinin əsasən THAAD önləyici raketlərinin istehsalını dəstəkləyəcəyi açıqlanıb.
Məlumata görə, müəssisə gələcəkdə həyata keçiriləcək “Next Generation Interceptor” proqramları üçün də infrastruktur təmin edəcək.
“Lockheed Martin”in açıqlamasına əsasən, yeni müəssisə təxminən 87 min kvadratmetrlik əlavə istehsal sahəsi yaradacaq və Troy şəhərindəki mövcud istehsal imkanlarını demək olar ki, iki dəfə artıracaq.
Şirkət həmçinin investisiya çərçivəsində qarşıdakı üç il ərzində əhəmiyyətli sayda yeni iş yerinin açılacağını bildirib. Hazırda “Lockheed Martin”in Alabama ştatında təxminən 4 min əməkdaşı fəaliyyət göstərir.
Qeyd olunub ki, Troy şəhərindəki investisiya şirkətin 2030-cu ilə qədər sursat istehsalını genişləndirmək üçün planlaşdırdığı 9 milyard dollardan artıq həcmli proqramın bir hissəsidir.
Təməlqoyma mərasimində çıxış edən ABŞ Müdafiə Nazirliyinin Satınalma və Təchizat üzrə müavini Maykl Daffi “Lockheed Martin”lə əməkdaşlığın kritik əhəmiyyət daşıdığını bildirib.
“Bu tərəfdaşlıq sursat istehsalı imkanlarımızın artırılması baxımından olduqca vacibdir və “Lockheed Martin” bu prosesdə çox aqressiv yanaşma sərgiləyib”, - deyə o vurğulayıb.
“Lockheed Martin”in baş icraçı direktoru Cim Tayklet isə şirkətin artan tələbi qarşılamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, istehsal imkanlarının genişləndirilməsi üçün artıq 1 milyard dollardan çox investisiya yatırılıb.
Şirkət THAAD sisteminin həm atmosfer daxilində, həm də atmosferdən kənarda yerləşən hədəfləri məhv etmək üçün hazırlanmış yeganə ABŞ sistemi olduğunu qeyd edib.
Bildirilib ki, sistem PAC-3 MSE önləyici raketi ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir və istifadəçilərə daha geniş nişanalma sahəsi ilə əməliyyat çevikliyi təqdim edir. THAAD sistemi hazırda ABŞ ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı tərəfindən də istifadə olunur.
“Lockheed Martin” həmçinin Alabama ştatında yalnız THAAD deyil, AGM-158, “Next Generation Interceptor” və “Air-Launched Rapid Response Weapon” proqramları üzrə də yeni genişləndirmə layihələrinin planlaşdırıldığını açıqlayıb.
Şirkət sursat istehsalı zəncirini gücləndirmək məqsədilə tədarükçülərlə daha sıx əməkdaşlıq etdiyini və ötən həftə sursat istehsalının genişləndirilməsinə həsr olunmuş xüsusi tədarükçü konfransı keçirdiyini bildirib.
Məlumata görə, ABŞ Müharibə Nazirliyinin yeni “Acquisition Transformation Strategy” proqramı çərçivəsində sursat istehsalının sürətləndirilməsi ilə bağlı razılaşmanı açıqlayan ilk müdafiə şirkəti də məhz “Lockheed Martin” olub.
Bu razılaşmalar çərçivəsində THAAD və “Precision Strike Missile” istehsalının dörd dəfə, PAC-3 MSE istehsal imkanlarının isə üç dəfə artırılmasının hədəfləndiyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az