“Saab”ın insansız erkən xəbərdarlıq sistemi MQ-9B platformasında sınaqdan keçirilib

2026/05/1779513477.jpg
Oxunub: 377     09:16     23 May 2026    
“Saab” və “General Atomics Aeronautical Systems” şirkətləri MQ-9B pilotsuz uçuş aparatı platformasına inteqrasiya edilmiş insansız havadan erkən xəbərdarlıq sisteminin ilk uçuşunu uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətlər birgə açıqlama yayıb.

Məlumata görə, hazırlanan sistem “dünyanın ilk insansız havadan erkən xəbərdarlıq həlli” hesab olunur. İlk uçuş mayın 19-da “General Atomics”in Cənubi Kaliforniyadakı Desert Horizon müəssisəsində baş tutub.

Uçuş zamanı “Saab” tərəfindən hazırlanmış “LoyalEye” radar sensoru MQ-9B “SkyGuardian” platformasına inteqrasiya edilib. Şirkət bildirib ki, ilk uçuşdan sonra bir neçə ay davam edəcək genişmiqyaslı sınaq və qiymətləndirmə mərhələsinə keçiləcək.

Qeyd olunub ki, prosesin ilin sonuna qədər tam imkan nümayişi ilə yekunlaşdırılması planlaşdırılır. “Saab”ın Müşahidə Sistemləri bölməsinin rəhbəri Karl Yohan Berqholm bildirib ki, hazırlanan sistem mövcud pilotlu platformaları tamamlayacaq.

Onun sözlərinə görə, MQ-9B üzərindəki LoyalEye sistemi kritik hava müşahidə imkanları təqdim edir və əməliyyat çevikliyini artırmağı hədəfləyir. “General Atomics” şirkətinin prezidenti Devid R. Aleksander isə qeyd edib ki, sistem idarəolunan sursatlar, raketlər, pilotsuz uçuş aparatları, döyüş təyyarələri və bombardmançılar kimi hava təhdidlərini erkən aşkar etməyə imkan verəcək.

Aleksander vurğulayıb ki, insansız platformalar yüksək əməliyyat hazırlığı səviyyəsinə malikdir və pilotlu sistemlərlə müqayisədə şəxsi heyəti riskə atmadan tapşırıqları yerinə yetirə bilir.

Məlumata görə, sistem erkən xəbərdarlıq, uzaqmənzilli hədəf aşkarlanması, çoxsaylı hədəflərin izlənməsi və hava məkanının müşahidəsi missiyalarında istifadə olunacaq.

Bildirilib ki, peyk rabitə infrastrukturu sayəsində sistem görmə xəttindən kənarda da əməliyyat icra edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saab   MQ-9B  


Bizi "telegram"da izləyin