Böyük Britaniyanın ilk E-7 “Wedgetail” təyyarəsi RAF “Lossiemouth” bazasına çatıb

2026/05/1779513441.jpg
Oxunub: 363     09:13     23 May 2026    
Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin inventarına daxil olacaq ilk “Boeing E-7 Wedgetail” erkən xəbərdarlıq və idarəetmə təyyarəsi RAF “Lossiemouth” Hərbi Hava Bazasında yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri məlumat yayıb.

WT001 bort nömrəli təyyarənin “STS Aviation Services” müəssisəsinin yerləşdiyi Birmingem Hava Limanından havaya qalxdıqdan sonra mayın 21-də Şotlandiyadakı bazaya çatdığı bildirilib.

Məlumata görə, bu addımla Böyük Britaniyanın yeni nəsil havadan erkən xəbərdarlıq proqramında daha bir mühüm mərhələ geridə qalıb. Kral Hərbi Hava Qüvvələri açıqlayıb ki, WT001 gələcəkdə yaradılacaq “Wedgetail” donanmasının ilk platformasıdır.

Təyyarənin sınaq və qiymətləndirmə fəaliyyətlərinin RAF “Lossiemouth” bazası ilə MOD “Boscombe Down” müəssisələri arasında həyata keçiriləcəyi, bu müddətdə platformanın əməliyyat imkanları və təhlükəsizlik prosedurlarının yoxlanılacağı qeyd olunub.

Uçuşun “Boeing UK” əməkdaşları və Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin ekipajından ibarət qarışıq heyət tərəfindən icra edildiyi bildirilib. Sınaqlar başa çatdıqdan sonra platformanın rəsmi olaraq “Boeing UK” tərəfindən Kral Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyi və daha sonra 8-ci eskadrilyanın tərkibində xidmətə qəbul olunacağı vurğulanıb.

“Wedgetail” platforması RAF “Lossiemouth” bazasında yerləşdirilmiş doqquz ədəd Boeing P-8 “Poseidon” dəniz patrul təyyarəsi ilə birlikdə fəaliyyət göstərəcək.

Hər iki platformanın “Boeing 737 Next Generation” gövdəsi əsasında hazırlanması səbəbindən texniki xidmət, təlim və logistika sahəsində ortaq infrastrukturdan istifadə ediləcək.

RAF “Lossiemouth” bazasının komandanı Qrup Kapitanı Sara Bruin ilk “Wedgetail” platformasının bazaya çatmasını mühüm mərhələ adlandırıb. Onun sözlərinə görə, bu addım Böyük Britaniyanın yeni nəsil hava müşahidə və idarəetmə imkanlarının xidmətə qəbulunda vacib rol oynayır.

Qeyd edək ki, E-7 “Wedgetail” uzunmənzilli hava müşahidəsi, döyüş idarəetməsi, komanda-idarəetmə və birgə əməliyyat dəstəyi məqsədilə hazırlanıb. Platformadan hazırda Türkiyə Hərbi Hava Qüvvələri, Avstraliya Kral Hərbi Hava Qüvvələri və Cənubi Koreya Hərbi Hava Qüvvələri də istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   E-7-Wedgetail  


Bizi "telegram"da izləyin