Ordu.az xəbər verir ki, o bu barədə “Fox News” kanalına müsahibəsində danışıb.
Lendri qeyd edib ki, resurslarla zəngin olan ada gündəlik 2 milyon barel neft ixrac edə bilər.
“Məhz indi Qrenlandiya gündə 2 milyon barel neft ixrac edə bilərdi. Bu, Hörmüz boğazındakı təzyiqi ciddi şəkildə azaldardı”, - deyə o bildirib.
ABŞ-nin xüsusi nümayəndəsi əlavə edib ki, Qrenlandiyada neft hasilatı təxminən 10 ay ərzində bərpa oluna bilər.
O həmçinin Trampın son 30-40 ildə real addımlar atmağa çalışan yeganə prezident olduğunu iddia edib.
Lendri üç günlük səfər çərçivəsində Qrenlandiyada olub. O bildirib ki, Tramp ona “ora getməyi və dostlar qazanmağı” tövsiyə edib. Məlumata görə, səfər rəsmi dəvət olmadan baş tutub və Qrenlandiya rəsmiləri ilə vətəndaşları tərəfindən soyuq qarşılanıb.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen isə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, “Qrenlandiya xalqı satılmır və qrenlandiyalılar öz müqəddəratını təyin etmək hüququna malikdir”.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarında əsas neft ticarəti marşrutlarından biridir və normal şəraitdə dünya neft istehlakının təxminən beşdə biri bu marşrutdan keçir.
İran müharibəsi dövründə bölgədə İranın əks-hücumları və ABŞ-nin son dəniz blokadası səbəbindən boğaz faktiki olaraq bağlanıb.
Məlumata görə, beynəlxalq etalon hesab olunan “Brent” markalı və ABŞ-nin WTI markalı neftinin qiyməti hərracların bağlanışı zamanı kəskin artıb. Cümə günü səhər saatlarında “Brent” markalı neftin bir bareli təxminən 102 dollar, WTI markalı neft isə 98 dollar səviyyəsində satılıb.
Sevinc Əliyeva
Ordu.az