Ermənistan KİV-i: Zəngəzurda qalib gəlmək hakimiyyət üçün vacibdir

2026/04/1775888747.jpg
Oxunub: 482     09:24     22 May 2026    
“Zəngəzur vilayətində hakimiyyət artıq seçkiqabağı kampaniyanın aktiv mərhələsinə keçib və iyunun 7-də keçiriləcək seçkilərdə “Vətəndaş Müqaviləsi” partiyasının mümkün qədər çox səs toplaması üçün bütün inzibati və siyasi resurslarını işə salıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hazırda hakimiyyət üçün xüsusi əhəmiyyət daşıyan bölgə məhz Zəngəzurdur. Bildirilir ki, Nikol Paşinyan üçün vilayətdə yüksək nəticə əldə etmək həm siyasi, həm də simvolik baxımdan vacib hesab olunur.

Qəzet yazır ki, bu məqsədlə Zəngəzur vilayətinin rəisi Robert Qukasyan bütün inzibati resursları səfərbər edib.

Mənbələrin iddiasına görə, prosesdə əsas rollardan birini də son vaxtlar hakimiyyətə açıq dəstək verdiyi bildirilən Aruş Aruşanyan oynayır.

“Bizim məlumatımıza görə, o, yaxın çevrəsində müxalifətdən narazılığını gizlətmir və həbsdə olduğu müddətdə müxalif qüvvələrin onu tək buraxdığını deyir”, - deyə nəşr bildirib.

Məqalədə qeyd olunub ki, Aruşanyan artıq fəaliyyətini hakimiyyət üzərində qurmağa qərar verib və hazırda “Vətəndaş Müqaviləsi”nin xeyrinə fəal işləyərək yerli seçki əhval-ruhiyyəsinə təsir göstərməyə çalışır.

Qəzetin fikrincə, Zəngəzurda yaranmış vəziyyət hakimiyyətin seçki proseslərində yalnız siyasi təbliğata deyil, həm də yerli nüfuzlu şəxslərin və inzibati sistemin imkanlarına arxalandığını növbəti dəfə nümayiş etdirir.

“Zəngəzurda qələbə “Vətəndaş Müqaviləsi” üçün mühüm nailiyyətdir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin