Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov “Vedomosti” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Alyaskada ötən il keçirilmiş sammit çərçivəsində yaranmış bu mühit Ukrayna ətrafındakı nizamlanmanın əsas konturlarının iki ölkə rəhbərliyi səviyyəsində razılaşdırılmasına imkan verib və Rusiya həmin razılaşmalara sadiq qalır.
Ryabkov bildirib ki, okeanın o tayında bu prosesin necə adlandırılmasının əhəmiyyəti yoxdur.
“Əsas məsələ ondan ibarətdir ki, Rusiya və ABŞ-də yüksək səviyyədə həm Ukrayna istiqamətində, həm də qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əməkdaşlığın bərpası yollarının axtarışı üzrə konstruktiv işi davam etdirmək əzmi qorunub saxlanılır”, - deyə o vurğulayıb.
Ryabkov əlavə edib ki, müxtəlif səviyyələrdə Rusiya ilə ABŞ arasında təmasların dinamikası və intensivliyi nəzərə alınarsa, ikitərəfli dialoqun zəifləməsindən danışmaq üçün əsas yoxdur.
Onun fikrincə, tərəflər uzun illər davam edən durğunluğun hər iki ölkəyə zərər vurduğu sahələrdə sürətli irəliləyişdən sonra indi münasibətlərdə mövcud olan daha mürəkkəb siyasi-hüquqi problemlərin həlli mərhələsinə keçirlər.
Ryabkov qeyd edib ki, bu məsələlərin həlli mümkündür, lakin bunun üçün hər iki tərəfdən siyasi iradə və məsələlərə geosiyasi konyunkturanın yaratdığı təhrif olunmuş yanaşma olmadan baxmaq hazırlığı tələb olunur.
O bildirib ki, yekun qərar və seçim ABŞ tərəfinə məxsusdur.
Sevinc Əliyeva
Ordu.az