Ermənistanda “Ana Ermənistan” partiyasının ofisinə basqın edilib, erməni siyasi xadim saxlanılıb

2026/05/1779427015.jpg
Oxunub: 462     09:14     22 May 2026    
Bu gün mayın 22-də səhər saatlarında maskalı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Ana Ermənistan” partiyasının qərargahına daxil olublar.

Ordu.az xəbər verir ki, partiyanın idarə heyətinin üzvü Areqnaz Manukyan sosial şəbəkədə canlı yayım açaraq hüquq-mühafizə orqanlarından əvvəlcə bildiriş təqdim etməyi, yalnız bundan sonra istintaq hərəkətlərinə başlamağı tələb edib.

Hüquq-mühafizə əməkdaşları isə bunun məxfi istintaq əməliyyatı olduğunu bildirərək telefonun söndürülməsini tələb ediblər. Hadisə yerində Andranik Tevanyanın da olduğu qeyd edilir.

“Hazırda maskalı şəxslər və müstəntiqlər Andranik Tevanyanın iş otağındadırlar. Ermənistanın bir nömrəli satqını başqalarını xəyanətdə ittiham edir. Nikol Paşinyanın qanunsuz göstərişi ilə Andranik Tevanyanı saxlayırlar”, - deyə Manukyan bildirib.

Xatırladaq ki, Nikol Paşinyan mayın 20-də seçki kampaniyası zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Andranik Tevanyan barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanması üçün material göndərəcəyini açıqlamışdı.

Tevanyan isə buna cavab olaraq Paşinyanın özünü dövlətə xəyanətdə ittiham etmiş və gələcəkdə əməllərinə görə cavab verəcəyini bildirmişdi. Artıq mayın 21-də İstintaq Komitəsi Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamları ilə cinayət işi açıldığını açıqlayıb.

Bildirilir ki, Andranik Tevanyan “Çiçəklənən Ermənistan” Partiyasının seçki siyahısında ikinci yerdədir.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən daxil olan material əsasında dövlətə xəyanət və casusluq maddələri ilə cinayət işi başlanıb.

Qurumun iddiasına görə, A.T. 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub və onların nümayəndəsinin tapşırığı ilə casusluq fəaliyyəti həyata keçirib.

“Bundan əlavə, o, 622 min ABŞ dolları müqabilində Ermənistan parlamentində 2024-cü ilin aprelində keçirilmiş qapalı iclasın gedişi və nəticələri barədə dövlət sirri təşkil edən məlumatları rus dilinə tərcümə edilmiş şəkildə xarici tərəfə ötürüb”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin