“Joğovurd”: Nikol Paşinyanın təbliğat davranışı kəskin şəkildə dəyişib

2026/05/1779426915.jpg
Oxunub: 350     09:08     22 May 2026    
Son günlər Nikol Paşinyanın seçki kampaniyası zamanı baş verən insidentlərdən, xüsusilə Arabkir inzibati rayonunda qeydə alınan gərgin vəziyyətdən sonra baş nazirin təbliğat davranışı kəskin şəkildə dəyişib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Paşinyanın komandasında ona təşviqat kampaniyası zamanı vətəndaşlarla uzun söhbətlərə girməməyi tövsiyə edən şəxslər olub. Məqsəd mümkün yeni insidentlərdən və qalmaqallardan yayınmaqdır.

Bildirilir ki, ötən gün Ağrı vilayətində keçirilən təşviqat zamanı Nikol Paşinyanın vətəndaşlarla uzun ünsiyyətə girmədiyi nəzərə çarpıb. Qısa salamlaşmalardan sonra o, əsasən səsucaldıcı vasitəsilə çıxış edib, emosional reaksiyalardan və birbaşa mübahisələrdən yayınaraq mesajlarını çatdırmağa çalışıb.

“Əvvəllər Paşinyan dayanır, vətəndaşlarla uzun söhbətlər edir, narazılıqları dinləyir və birbaşa ünsiyyət görüntüsü yaratmağa çalışırdısa, indi mənzərə fərqlidir: sürətli hərəkət, uzaqdan paylanan bukletlər, ciddi təhlükəsizlik nəzarəti və insanlarla minimum təmas”, - deyə qəzet qeyd edib.

Məlumata görə, “Vətəndaş Müqaviləsi” partiyasında Paşinyana davranışını dəyişməsi tövsiyə olunub. Nəşr yazır ki, hakim komandanın özü də artıq küçə reallığının 2018-ci ildəki kimi olmadığını anlayır.

“İnsanlar artıq ona heyranlıqla deyil, tələblər, narazılıqlar və ağır suallarla yaxınlaşırlar”, - deyə məqalədə vurğulanıb.

Qəzetin yazdığına görə, Paşinyan və komandası təşviqat prosesinə nəzarəti qorumağa və yeni qalmaqallara səbəb ola biləcək hallardan maksimum yayınmağa çalışırlar.

Məqalədə həmçinin qeyd olunub ki, Paşinyan vətəndaşlarla birbaşa qarşıdurmadan yayınsa da, çıxışlarında siyasi rəqiblərini hədəf almağa davam edir.

“Onun ritorikası, leksikonu və müxalifətə yönəlmiş təhdidləri artıq üzbəüz qarşıdurmalarla deyil, səsucaldıcılar vasitəsilə ictimai çıxışlarda səslənir”, - deyə nəşr bildirib.

Qəzetin fikrincə, Arabkir Paşinyan üçün növbəti təşviqat dayanacağı deyil, siyasi ayıldıcı siqnala çevrilib və hakimiyyət bu siqnalı yaxşı anlayıb.

Nəşr sonda qeyd edib ki, bu gün saat 08:00-da Nikol Paşinyan jurnalistlərin suallarını cavablandıracaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin