Bu dövrə aşkarlama, tanıma, izləmə və məhv etmə mərhələlərindən ibarət sistemli protokol zəncirini izləyir. Aşkarlama mərhələsi erkən xəbərdarlıq radarlarının və kosmos əsaslı sensorların üfüqdən kənardan gələn siqnalı müəyyən etməsi ilə başlayır, tanıma mərhələsi isə hədəfin dost və ya düşmən olduğunu, mülki təyyarə və ya kütləvi qırğın silahı daşıyan ballistik raket olub-olmadığını müəyyən edən kritik hədd hesab olunur. Məhv etmə isə təhlükənin fiziki olaraq zərərsizləşdirilməsi ilə nəticələnən son fəaliyyətdir.
Lakin söhbət ballistik raketlərdən getdiyi zaman bu standart hava hücumundan müdafiə protokolu son dərəcə çətin səviyyəyə çatır. Ənənəvi hava hücumundan müdafiə sistemləri “Mach 3” ilə “Mach 5” sürətlərindəki hədəflərə qarşı optimallaşdırıldığı halda, antiballistik raket texnologiyaları “Mach 20” və daha yüksək sürətlə atmosfer xaricindən terminal mərhələyə daxil olan hədəflərlə mübarizə aparmaq məcburiyyətindədir. Bu vəziyyət hərbi ədəbiyyatda “mərmi ilə mərmi vurmaq” kimi ifadə olunan və ən yüksək səviyyəli sensor birləşməsi ilə itələmə sistemlərini tələb edən texnoloji bacarığa uyğun gəlir.
Aşkarlama, Tanıma, İzləmə və Məhv Etmə
Müasir döyüş meydanında hava hücumundan müdafiə sistemləri “sistemlər sistemi” məntiqi ilə işləyən, bir-biri ilə inteqrasiya olunmuş sensorlar, komanda-idarəetmə mərkəzləri və önləyicilərdən ibarət nəhəng arxitekturadır. Bu arxitekturanın uğuru hər mərhələnin qüsursuz uyğunluqla işləməsindən asılıdır.
Hava hücumundan müdafiə dövrəsinin ilk mərhələsi olan aşkarlama potensial təhlükənin mövcudluğunun müəyyən edilməsi prosesidir. Bu mərhələ geniş əraziləri darayan erkən xəbərdarlıq radarları və infraqırmızı izləri aşkarlayan peyk sistemləri vasitəsilə həyata keçirilir. Radarlar elektromaqnit dalğaları yayaraq atmosferi darayır, bu dalğalar obyektə dəyib geri qayıtdıqda obyektin mövcudluğu, istiqaməti və sürəti barədə ilkin məlumatlar əldə olunur. Aşkarlanan obyekt sistem tərəfindən davamlı izlənməyə başladıqda “izləmə” mərhələsinə keçilir. İzləmə radarları müəyyən hədəfə kilidlənərək onun marşrutunu, sürətini və hündürlüyünü davamlı yeniləyir. Bu mərhələdə elektron sistemlər obyektin marşrutunda dəyişiklik edib-etmədiyini və mülki uçuş dəhlizlərini pozub-pozmadığını yoxlayır. İzləmə prosesi silah sisteminin, məsələn raketin, hədəfə yönləndirilməsi üçün lazım olan atəşə nəzarət məlumatlarının formalaşdırılmasına əsas yaradır.
Hava hücumundan müdafiənin ən kritik mərhələsi tanımadır. Bu proses zamanı hədəfin kimliyi araşdırılır (Dost-Düşmən Tanıma - IFF) və təhlükə səviyyəsi qiymətləndirilir. Tanıma prosesi aşağıdakıları əhatə edir:
• Kimliyin müəyyən edilməsi: Obyektin mülki hava vasitəsi, dost döyüş təyyarəsi və ya düşmən elementi olduğu müəyyən edilir.
• Niyyət və Təhlükə Qiymətləndirilməsi: Hədəfin marşrutu, üzərindəki sursatın mövcudluğu və sürəti analiz edilərək strateji təhlükə yaradıb-yaratmadığı müəyyən olunur.
• Qərarvermə: Bütün məlumatlar komanda-idarəetmə mərkəzində birləşdirilir və uyğun əks tədbirin (“hava-hava” raketinin buraxılması, radioelektron mübarizə və s.) tətbiq olunub-olunmayacağı barədə son əmr verilir.
Qərar verildikdən sonra nişanalma mərhələsinə keçilir. Bu mərhələ uyğun önləyicinin hədəfə buraxılmasını və hədəfin havada parçalanmasını ehtiva edir. Məhv etmə həyata keçirildikdən sonra “vurmanın qiymətləndirilməsi” (Kill Assessment) aparılır və hədəfin tam zərərsizləşdirilib-zərərsizləşdirilmədiyi yoxlanılır. Əgər hədəf məhv edilməyibsə, sistem ikinci önləyicini buraxmaq üçün dövrəni yenidən başladır.
Sevinc Əliyeva
Ordu.az