“Solid Aero”dan yeni nəsil önləyici PUA: “BASAT-Bi”

2026/05/1779386556.jpg
Oxunub: 610     21:46     21 May 2026    
“Solid Aero” şirkətinin qurucusu Səlcuq Fırat şirkətin hazırladığı yeni nəsil önləyici pilotsuz uçuş aparatı “BASAT-Bi” barədə məlumat verib.

Ordu.az xəbər verir ki, Fırat şirkətlərinin orijinal dizayna malik insansız döyüş sistemləri hazırladığını bildirib və “BASAT-Bi”nin digər önləyici pilotsuz uçuş aparatlarından fərqlənən xüsusiyyətlərini açıqlayıb.

O qeyd edib ki, önləyici pilotsuz uçuş aparatı hazırlamaq ideyası daha əvvəl də planlaşdırdıqları konsepsiya olub.

“‘BASAT-Bi’nin inkişafı əslində belə başladı: Digərlərindən fərqli olaraq nə edə bilərik? Digər kamikadze tipli pilotsuz uçuş aparatlarını necə önləyə bilərik düşüncəsindən ortaya çıxdı”, - deyə Fırat bildirib.

Şirkət rəhbəri “BASAT-Bi”nin əsas texniki xüsusiyyətlərini də açıqlayıb.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatı 30 dəqiqədən artıq havada qala, saatda 300 kilometrdən artıq sürətə çata və 450 qram faydalı yük daşıya bilir.

Fırat bildirib ki, “BASAT-Bi” yarımavtonom və tam avtonom rejimdə fəaliyyət göstərə bilir.

“Bu o deməkdir ki, əgər hədəf əvvəlcədən müəyyənləşdirilibsə, sistem həmin hədəfə gedərək avtomatik şəkildə nişanalma həyata keçirə bilir. Heç bir pilot və ya operatora ehtiyac duymur”, - deyə o vurğulayıb.

O əlavə edib ki, pilotsuz uçuş aparatı vizual-optik radarlar və adi radar sistemləri ilə inteqrasiya oluna bilir və daşınması asandır.

Fırat “BASAT-Bi”nin şaquli qalxma xüsusiyyətinə də diqqət çəkib.

“İki mühərriki vasitəsilə gövdənin altından və quyruq hissəsindən şaquli qalxış həyata keçirə bilir”, - deyə o bildirib.

Şirkət rəhbəri bazardakı digər önləyici pilotsuz uçuş aparatlarını araşdırdıqlarını və onların əksəriyyətinin məhdud uçuş müddətinə malik olduğunu, həmçinin operator asılılığının yüksək olduğunu söyləyib.

“Biz də buna görə fərqli həll hazırlamaq ehtiyacı hiss etdik. Havada qalma müddətini artırdıq, daha sürətli etdik və operatoru, yəni insan faktorunu mümkün qədər uzaqlaşdırdıq”, - deyə Fırat bildirib.

Onun sözlərinə görə, “BASAT-Bi” hava hücumundan müdafiə sistemlərinə inteqrasiya edilə biləcək məhsuldur.

Fırat qeyd edib ki, sistemin daha böyük versiyası da hazırlana bilər, lakin hazırkı model bütün tələbləri qarşılayacaq qabiliyyətə malikdir.

O əlavə edib ki, sistemin inkişaf prosesi davam edir və ehtimal ki, iyun ayının ilk rübündə atış görüntüləri yayımlanmağa başlanacaq.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Solid-Aero   BASAT-Bi  


Bizi "telegram"da izləyin