MKE sistemləri EFES 2026-da diqqət çəkdi

2026/05/1779386370.jpg
Oxunub: 467     21:37     21 May 2026    
MKE baş direktoru İlhami Keleş EFES-2026 çərçivəsində verdiyi açıqlamada şirkətin təlimin bütün mərhələlərində aktiv rol aldığını və artıq yalnız sursat deyil, yeni nəsil müdafiə sistemləri hazırlayan bir struktura çevrildiyini bildirib.

Ordu.az xəbər verir ki, Keleş “GDH Defence”ə müsahibəsində hava, quru və dəniz elementlərinin birgə iştirak etdiyi təlimdə istifadə olunan çoxsaylı platforma, sursat və silah sistemlərinin MKE tərəfindən hazırlandığını deyib.

Keleş təlimin ən mühüm hissəsinin və onu hərəkətdə saxlayan əsas gücün MKE-yə aid olduğunu vurğulayıb.

Onun sözlərinə görə, EFES-2026-da partlayan hər şey MKE-nin məhsuludur, həmin partlayışı yaradan sistemlər də MKE-yə məxsusdur.

Keleş MKE-nin 5.56 millimetrdən 203 millimetrə qədər müxtəlif çaplarda sursat istehsal edə bildiyini, təlimdə isə təyyarə bombalarından artilleriya sursatlarına, piyada tüfənglərindən mina təmizləmə sistemlərinə qədər geniş məhsul çeşidindən istifadə olunduğunu bildirib.

Şirkətin son dövrdə hazırladığı yeni sistemlər barədə danışan Keleş SAHA EXPO-da ümumilikdə 52 yeni məhsulun təqdim edildiyini açıqlayıb.

O qeyd edib ki, MKE artıq təkcə öz silah və sursatını hazırlayan şirkət deyil, öz texnologiyasını yaradan və sistem istehsalına yönələn bir quruma çevrilib.

Keleş son dövrdə ön plana çıxan TOLGA sistemi barədə də məlumat verib.

Onun sözlərinə görə, TOLGA sadəcə silah sistemi deyil, radar, komanda-idarəetmə, “soft-kill” və “hard-kill” elementlərini eyni arxitekturada birləşdirən kompleks həllər toplusudur.

Keleş bildirib ki, TOLGA AESA radar, süni zəka dəstəkli komanda-idarəetmə infrastrukturu, lazer və mikrodalğa əsaslı həllər, eləcə də müxtəlif çaplarda silah sistemlərini bir sistemdə birləşdirir və fərqli hava təhdidlərinə qarşı təbəqəli müdafiə təmin edir.

O, həmçinin radioelektron mübarizə sistemlərindən lazer həllərinə, hava hücumundan müdafiə raketlərindən 12.7, 20 və 35 millimetrlik silah sistemlərinə qədər geniş həll arxitekturası qurulduğunu bildirib.

Təlimdə ön plana çıxan sistemlər arasında PİRANA kamikadze insansız dəniz platformaları, yeraltı görüntüləmə sistemləri və hibrid insansız quru platformasına inteqrasiya olunmuş mina təmizləmə həlləri də yer alıb.

Keleş BORAN haubitsası, “Uran” avtomobilə quraşdırılmış haubitsa həlli, 6.8 millimetrlik piyada tüfəngləri, yeni nəsil snayper tüfəngləri, qəlpəli sursatlar və yeni partlatma mexanizmlərinin də EFES-2026-da nümayiş olunduğunu qeyd edib.

O vurğulayıb ki, insansız sistemlərin yayılması sursat texnologiyalarına da birbaşa təsir göstərir və yeni dövrdə sursatlar getdikcə ağıllı sistemlərə çevrilir.

Keleşin sözlərinə görə, kamikadze insansız dəniz platformaları və kamikadze pilotsuz uçuş aparatları müasir sursat konsepsiyasının bir hissəsidir.

“PİRANA əslində bir sursatdır. Göndərilir, hədəfə gedir və orada partlayır. Artıq insansız sistemlər sursata çevrilir”, - deyə o bildirib.

Keleş FPV pilotsuz uçuş aparatlarının təhdidinə qarşı xüsusi sursatlar da hazırlandığını vurğulayıb.

Onun sözlərinə görə, MKE 7.62 millimetrədək qəlpəli sursatlar hazırlayıb və bu sursatlar hədəfə yaxınlaşanda havada parçalanaraq təsir göstərir.

“Əsgərin istifadə etdiyi standart piyada tüfəngi sursatına əlavə olaraq FPV pilotsuz uçuş aparatı təhdidlərinə qarşı xüsusi hazırlanmış sursatlarımız var. Bu sursat hədəfin önündə parçalanaraq qəlpə təsiri yaradır”, - deyə Keleş bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   EFES   2026  


Bizi "telegram"da izləyin